Allah olmağın çətinliyi üzərinə - Fariz Bayramov
02.07.2018

Laqeydlik böyük güc tələb edir. Əksərən, özünü məcbur etməli olursan, əhəmiyyətsiz hadisələrlə qarşılaşdıqda öhdəsindən gəlmək asan, bəzi anlardasa həddən artıq çətin olur.

Struqatski qardaşlarının yazdığı "Allah olmaq çətindir" romanını oxuya-oxuya bu hissi dəfələrlə keçirdim. Çünki qardaşlar usta qələmlərilə oxucunu əsərin içinə çəkərək hadisələri yaşamağa vadar edirlər. Oxucu özünü əsərin baş qəhrəmanı Rumatanın yerinə qoymalı olur. Ancaq Rumatanın yerində olmaq - Allah olmaq - və buna rəğmən ətrafında baş verənlərə laqeyd qalmaq çətindir.

Yer kürəsində elm və texnologiyanın yüksək inkişaf etdiyi dövrdə alimlər yeni planet kəşf edirlər. Bu planet insanları, fauna və florası, ümumiyyətlə, hər cəhətilə Yer kürəsinə bənzəyir. Ancaq bir fərqlə: burda hələ Yer kürəsindəki orta əsrlər dövrü yaşanır. O çağdakı səviyyədədirlər. Bir qrup rus alim Yer kürəsindən həmin planetə ezam olunur. Alimlər orda həyatı izləməli, uzaqbaşı yol göstərməlidirlər, ancaq hadisələrə birbaşa müdaxilə etməyə izn verilmir. Bəli, tarixə müdaxilə etmək olmaz! Yəqin müəlliflər bu detalla bir xalqın inkişafına digər xaqların qarışmamalı olduğuna işarə ediblər. Bir növ "Hər xalq öz hakimiyyətinə layiqdir" deməyə çalışıblar.

Özlərindən daha bilikli, bacarıqlı, cürbəcür döyüş fəndlərinin biliciləri olan Yer əhalisini planet sakinləri Allah gözündə görürlər. Bəs bu allahlar onlara niyə yardım etmirlər, görəsən?.. Axı, burda insanlar cahil, natəmiz, savadsız, mədəniyyətdən, elm və sənətdən uzaq formada yaşayır, xəstəliklər ucbatından kütləvi şəkildə ölürlər.

Əsəri oxuduqca gözümdə SSRİ və onun timsalında bütün totalitar rejimlər canlandı. Düzdür, müəlliflər çox ustalıqla işləyərək əsərin dissident ruhunu gizlədə biliblər. Xüsusilə, sonluq bütün təəssüratları alt-üst edə bilər. Ancaq zənnimcə, diqqətli oxucu bunun fərqinə varmamış ola bilməz.

Yer kürəsində də elmin sürətli inkişafı, intibah dövrü məhz orta əsrlərə təsadüf edir. O dövrlər barədə yazılan əsərlərdən bilirik ki, orta əsrlərAvropasında xəstəliklər tüğyan edir, insanlar kütləvi şəkildə qırılır, mədəniyyətdən uzaq vəhşilər kimi yaşayırdılar. Bu vəziyyətdən çıxmaq üçün düşünməyə, əlac tapmağa məcburdular. Bu şəraitsə intibah dövrünə səbəb oldu. Elm, sənət inkişaf etdi, din siyasətdən uzaqlaşdırılaraq kilsəyə qaytarıldı və s. Romanda da belə ziyalı insanlar var. Ancaq bütün totalitar rejimlərdə olduğu kimi, hakimiyyətə ağıllı, elmli insanlar sərf etmir. Alimlər məhv edilir, oğurlanaraq həbsə atılır. Və bütün bunları ölkənin kralı etmir. Axmaq kral əslində çoxdan idarəetmədən uzaq tutulub, başı sarsaq qanunlarla, mənasız ziyafətlərə qarışıb. Əsl güc sahibi saray mühafizəçisi don Rebadır. Reba bilir ki, avam kütləni idarə etmək, maddi, mənəvi istismar çox asandır. Bütün alim, həkim, hətta yazı yazmağı bacaranlar belə, hakimiyyət üçün düşmən sayılır. Elə kütlə də, deyəsən, halından məmnundur. Bir-iki işıqlı şəxs həqiqəti deyəndə, onu ilk məhv etməyə çalışan da bu kütlədən çıxır...

Bəs insan üçün bu hadisələrə, ölümlərə, tüğyan edən xəstəliklərə, əhalini əzən totalitar rejimə, yenicə formalaşmağa başlayan mədəniyyətin əzilməsinə, boğulmasına biganə qalmaq mümkündürmü? Bir sözlə, Allah olmaq asandırmı?

Bu suala cavab tapmaq üçün TEAS Press Nəşriyyatının nəfis nəşrlərindən olan "Allah olmaq çətindir" romanını oxumağı hər kəsə tövsiyyə edirəm. Əgər həm siyasi-antiutopik, həm də fantastik, eyni zamanda, həyəcanlı, axıcı roman oxumaq, oxuduqca düşünmək istəyirsizsə, əla seçim olacaq.