Yerusəlim – Müqəddəs şəhər, yoxsa “Eşem zeuunim” Aqşin Yenisey yazır...
02.09.2018

Əhvalat belə oldu; Sodom krallığının ordusunda muzdlu və güclü bir döyüşçü olan İbrahim öz şücaətilə vaxtaşırı döyüşlərə girdiyi Fələstin torpaqlarında bir miqdar torpaq ala bildi. Arvadı Sara öləndən sonra oğlanlarını da götürüb o torpaqlara köçdü.
Bununla da yəhudiliyin, bəlkə də, bütün dünyanın sonrakı tarixi başladı ki, bu tarix haqqında indiyədək minlərlə kitab yazılıb. Biz bu yazımızda onlardan biri, bu yaxınlarda Günel Əhmədovanın Azərbaycan dilinə tərcüməsində TEAS Press Nəşriyyat evində çap olunmuş Saymon Sebaq Montefiorenin “Yerusəlim” kitabı haqqında danışacağıq. 
 
Sonra nə baş verdi? Sonradan peyğəmbər olan əsgər İbrahim də hər bir mülk sahibi kimi torpaqlarını genişləndirmək, kral olmaq fikrinə düşdü. Bundan ötrü onun da döyüşçülərə və rəiyyətə ehtiyacı var idi, döyüşçü və rəiyyət kimi nəzərdə tutduğu yəhudi qəbilələri isə o zamanlarda Mesopotamiya çöllərində qoyun güdməklə, muzdlu əsgərlik etməklə, bir qismi də xırda sənətkarlıqla məşğul idilər. Köçəri həyat sürürdülər. O dövrlərdə oturuşmuş hər bir qəbilənin, tayfanın bir və yaxud bir neçə allahı var idi. Yalnız yəhudilərin və onlar kimi köçəri həyat tərzi keçirən digər tayfaların öz allahları yox idi. Köçərilər özlərinə uyğun bildikləri yabancı Allahlara, bütlərə tapınırdılar.
 
İbrahim ilk növbədə bu köçəri yəhudi qəbilələrini vahid bir inanc ətrafında birləşdirmək haqqında düşündü və onlara yanan kolluqlar arasında bir tanrı gördüyünü və tanrının özünü ona “El Şadday” adıyla təqdim etdiyini söylədi. Tanrı İbrahimi öz elçisi seçərək yəhudiləri “seçilmiş xalq” adlandırmışdı və onlara “yeni torpaqlar vəd” etmişdi. Bizə bu gün inandırıcı görünməsə də, bu, öz zamanı üçün bir xalqı birləşdirməkdən ötrü böyük siyasi texnologiya idi. Sonrakı bir neçə yəhudi peyğəmbəri də tanrını yanan kolluqlar arasında görəcəkdi, Musa hətta onunla danışacaqdı da, amma İbrahimdən başqa bütün yəhudi peyğəmbərlərinə o, özünü əsl adı ilə tanıdacaqdı: Yahova! (ibranicədə “mən o mənəm” deməkdir). Yahovanın “Vəd olunmuş torpaqlar”ı İbrahimin pulla aldığı Fələstin torpaqları idi. Yahova vədinin qarşılığında başlanğıcda bircə şey istəyirdi: tanrı olaraq yəhudilərin yalnız ona inanmalarını və əmrlərinə sözsüz əməl etmələrini. Yəhudilər oturaq həyata öyrəşdikcə Yahovanın da iştahası artacaqdı. Amma yəhudlər tarixin gedişində dəfələrlə Yahovaya itaət etməkdən boyun qaçıracaqdılar və əvəzində Yahova onları dönə-dönə öz vətənlərindən, yəni “vəd olunmuş torpaqlardan” didərgin salacaqdı, həm də bunu çox qəddarcasına edəcəkdi. Bunu yazımızın axarında görəcəyik. 
 
Montefiore özünün “Yerusəlim” kitabında yəhudiliyin, yaxud Yerusəlimin tarixini bizə metafizikadan arındıraraq təqdim edir. Yəhudilər hər nə qədər Yerusəlimin səmavi şəhər olduğuna inansalar da bütün müsibətlər onların başına yerdəki Yerusəlimdə gəlmişdir. Göydəki Yerusəlim dinin beşiyi idisə, yerdəki Yerusəlim tarixin beşiyi idi. Ona görə Montefiore səmavi deyil, yerdəki Yerusəlimi əsas götürür. Halbuki onun tarixi qəhrəmanları: Babil kralları, Makedoniya sərkərdələri, Roma imperatorları, Fars şahları, Ərəb xəlifələri, Osmanlı sultanları bu şəhəri məhz metafizik cazibəsinə görə ya dağıdıblar, ya da yenidən inşa ediblər. 
 
Montefiorenin “Yerusəlim”i bədii üslubda yazılmadığı üçün oxucu istər-istəməz özünü hadisələrin içində hiss edə bilmir. 4000 il bundan əvvəl baş vermiş hadisələrə bu günün gözü ilə baxmağa çalışır. Oxucularımız kitabı oxuyarkən özünü min illər əvvəlin Yerusəlimində, Romasında, Dəməşqində, Məkkəsində hiss etmək üçün fantaziyalarına güc verməlidir, bir növ, hadisələrin gedişini film seyr edirmiş kimi izləməlidir. Məsələn, kitabda belə bir səhnə var; Roma sərkərdəsi Tit şəhərini dağıdarkən roma əsgərləri küçələrdə əllərindəki gödək Roma qılınclarını yəhudilərin qarnına soxduqda bir səs eşidirlər, sanki, qılınclar ac qarınlara deyil, pul kisələrinə girib-çıxırdı. Həmin qırğınlarda yəhudilərin qarınları, həqiqətən də, pul kisələri idi. Onlar romalılardan qorumaqdan ötrü bütün qızıl sikkələrini udmuşdular. Bunu biləndə romalılar daha da vəhşiləşirlər, diri yəhudilər öldürməklə yanaşı, geri qayıdıb meyitləri yararaq qarınlarındakı qızılları yığmağa başlayırlar. Bu cür obrazlaşdırılmış səhnələrə kitabda çox az yer verilib. Kitabın yerdə qalan hissələrini “səhnələşdirməyi” Montefiore oxucuların ixtiyarına buraxıb. 
 
Yerusəlim nə üçün müqəddəs hesab olunurdu. Ona görə ki, El Şadday (sonrakı adıyla Yahova) İbrahimin gözünə onun təpələrində görünmüşdü və İbrahimdən sonrakı bütün peyğəmbərlər bu yeri Yahovanın, yəni tək olan allahın məkanı kimi qiymətləndirmişdilər. Davudun Müqəddəs Məbədi tikdirməkdə məqsədi də bu məkanı müqəddələşdirmək idi. Yerusəlimə dost, ya da düşmən kimi gələnlərin, demək olar ki, hamısı özlərini bu şəhərdə müqəddələşdirirdilər. Çünki Yerusəlim tanrının şəhəri hesab olunurdu. Həqiqətdə də bütün “yalançı” və doğruçu peyğəmbərlər bu şəhərin qismətinə düşmüşdü. Hətta Montefiorenin yazdığına görə, sonuncu peyğəmbər Məhəmməd də öz ilahi missiyasının nəsibini Yerusəlimə etdiyi ticari səfərlər zamanı almışdır. İslam yarandıqdan sonra uzun illər Yerusəlim islamın paytaxtı olmuşdur ta Abbasilərə qədər. Xəlifələr xilafəti həm Dəməşqdən, həm də çox vaxt Yerusəlimdən idarə edirdilər. İlk ərəb xəlifələrindən biri olan Əbdül Malikin Yerusəlimdə tikdirdiyi Qübbətüs-Səhra indi də yerindədir. Montefiore tarixdə Yerusəlimdən və Məkkədən idarə olunan islam deyə iki dövrü fərqləndirir. Yerusəlimdən idarə olunan islam daha tolerant bir din idi. Paytaxt Bağdada köçürüləndən sonra islamın daha mühafizəkar və radikal dövrü başlayır. 
 
Kitabın müntəxəbatı haqqından danışmaq fikrim yoxdur, oxucuların haqqına girmiş olaram. Montefiore bu kitabda yəhudiləri məğlubedilməz xalq kimi təsvir edir. Əgər siz onları silah gücünə məğlub etmək fikrinə düşsəniz, yəhudilər sizi diplomatiya ilə məğlub edəcəklər, yox, əgər siz onları diplomatiya ilə məğlub etmək fikrinə düşsəniz, onlar sizin qarşınıza silahla çıxacaqlar. Nədir bu məğlubedilməzliyin sirri? Montefiore bu sirri yəhudi fanatikliyində axtarır. Bu sirr başqa bir kitabda da açılır; Karen Armstronqun “Tanrının Tarixi” kitabında. Yəhudiliyin ilk peyğəmbəri İbrahim muzdlu hərbçi idi, o, El-Şadday, yəni Yahova ilə də hərbi müqavilə bağlamışdı: İtaət qarşılığında vətən. Müqavilənin birtərəfli pozulması fəlakət idisə, ikitərəfli pozulması hər iki tərəfin məhvi demək idi. Hətta “vəd olunmuş torpaqlara” köçüb Fələstinin bərəkət, eyş-işrət allahları ilə tanış olandan sonra yəhudilər özlərinin tək olan Yahovalarına mənfi münasibət bəsləməyə başladılar, hətta onun göndərdiyi peyğəmbərləri daş-qalaq etdilər. Çünki Yahova ancaq hədələyirdi, qan, qırğın istəyirdi. Çünki o, bir hərbçi beyninin məhsulu idi. Yəhudi inancına döyüşkənlik, məğlubedilməzlik buradan gəlirdi. Yahova öz xalqına əsəbiləşəndə söyüş söyməkdən belə çəkinmirdi. Hətta Yerusəlimə yerləşdikdən sonra Yahovanın dediklərini qulaqardına vurub “vəd edilmiş torpaqlarda” hümanist Fələstin tanrıları Baala, Elə tapındıqları zaman o (Yahova), öz xalqına “eşem zeuunim” yəni fahişəlik edən arvad deməkdən belə özünü saxlaya bilməmişdi. (“Tanrının tarixi” kitabı)
 
Montefiorenin yazdığına görə, son 3000 il ərzində tarixə adını həkk etdirmiş fatehlərin, demək olar ki, hamısı özünü Yerusəlimə səfər etməklə mükafatlandırmışdır. Davudun işğalına qədər kiçk bir dağ şəhəri olan Yerusəlim məhz Davudun dövründə Müqəddəslər Müqəddəsinə çevrildi. Davud bu şəhərdə Müqəddəs Məbədi tikdirdi və bu məbəd tək tanrı olan Yahovanın evi oldu. Ətraf isə çoxtanrılarla dolu idi. Yerusəlimə ilk dəfə “gözü” düşən Babil şahı Navuxonodosor oldu. O, Yerusəlimi dağıtdı, bütün yəhudiləri isə Babilastanın dərinliklərinə çəkmə tikməyə göndərdi. Bibliyanın kökü məhz burda, sürgündə vətən həsrəti çəkən yəhudilər tərəfindən qoyuldu. Sonra Yerusəlimdə farslar peyda oldular, farslar şəhəri yenidən öz sahiblərinə qaytardılar. Sonra bu şəhər Makedoniyalı İsgəndərin fillərinin ayağının altında qaldı. Daha sonra ərəblər, Osmanlılar bu şəhəri ələ keçirdilər.  Yerusəlim ən xoş günlərini Roma sərkərdələri ilə yaşadı, ta ki onlara xəyanət edənə qədər. Hökmdar Herodla birlikdə bu şəhər də “öldü”. Herod dövlət işlərini dərindən bilən bir şəxs idi. Onun hakimiyyət illərinin firavanlığını Yerusəlim yerdə qalan bütün tarixi boyu yaşamadı. 
 
Montefiore İsa peyğəmbər məsələsinə kitabda o qədər də çox yer ayırmır. Onun Roma prokurotorunun qərarı ilə çarmıxa çəkilməsini bildiyimiz faktlarla təkrarlayır. Bəlkə də, ona görə ki, o dövrdə İsanın ölümü Yerusəlimin həyatında çox adi bir itki idi. Çünki həmin dövrlərdə gündə, ən azı, bir nəfər məsih peyda olurdu Yerusəlimdə və onun həndəvərində. 
 
Ümumiyyətlə, kitabı oxuyanlar da görəcəklər ki, Roma ilə müttəfiqlik dövründə Roma siyasəti və diplomatiyası yəhudilərin əlində olmuşdur. Hətta öz bacısı ilə yatan (o dövrlərdə insest əxlaqsızlıq sayılmırdı) əyyaş Kaliquladan tutmuş pəltək başdanxarab Klavdiyə qədər bir neçə Roma imperatorunun seçilməsində də birbaşa yəhudi barmağı vardı. Onlardan birini burada xüsusilə qeyd etmək yerinə düşər. Kaliqulanı pretorianlar sui-qəsd yolu ilə öldürdükdə imperatorun yaxın yəhudi dostu Herod Aqrippa da onun yanında idi. Roma sarayının başı can verməkdə olan imperatora qarışanda Aqrippa sarayın divarları arasında vurnuxub yeni imperator axtarırdı. Bu zaman onun qarşısına sarayda avaralanan axsaq, pəltək alim Klavdi çıxdı. Aqrippa onun yaxasından yapışıb imperator taxtına sürüdü. Beləliklə, Klavdi Romanın, Herod Aqrippa Yerusəlimin sahibi oldu. 
 
Montefiorenin “Yerusəlim” kitabında xüsusilə azərbaycanlı oxucularını qıcıqlandıracaq məqamlar da var. Ümumiyyətlə, Montefiore Yerusəlimdən kənara çıxdıqda tarixi tələskənliyə yol verir. Məsələn, yazır ki, imperator Fedosiyin zamanında, yəni 301-ci ildə ermənilər Qafqazda xristianlığı qəbul edən ilk xalq oldular. Amma həbəş və erməni qarışığı olan İrakli 3 əsr sonra Qafqazdan keçərək fars şahı Xosrovun üstünə gedəndə nədənsə xristian ermənilər Qafqazda gözə dəymir, əskinə, İrakliyə 40 minlik muzdlu nizami ordu ilə xristian türkləri, xəzərilər qoşulur. Birdən-birə hara yoxa çıxır 3 əsr əvvəl xristianlığı qəbul etmiş Qafqaz erməniləri? O boyda erməni əsilli İrakliyə niyə dəstək olmurlar? Mən tarixçi deyiləm, amma bu məsələdə məntiqi bir bağlılıq qura bilmədim. 
 
Siz Saymon Sebaq Montefiorenin bu kitabını oxuyanda qəribə hisslər keçirəcəkiniz. Sizə elə gələcək ki, indiyədək oxuduğunuz bütün tarixlər yəhudi tarixinin bir parçasıdır. Elə biləcəksiniz ki, dünyadaki bütün şəhərlər həmişə Yerusəlim olmaq istəyiblər. Bunu sizə Montefiorenin tarixi qəhrəmanları diqtə edəcək, o kəslər ki, inanırdılar ki, Qiyamət günü mütləq olacaq və Müqəddəs Məbədin yaxınlığında basdırılan insanlar hamıdan birinci diriləcəklər.  
 
Bu, elə indi də çox ağrıkəsici bir ümiddir!