Səmərqəndə gedən ən uzun yol... Xalid Kazımlı yazır
16.09.2018

Detektiv əsərlərdən sonra (bəlkə də əvvəl) ən çox oxunan və sevilən əsərlər macəra janrında yazılanlardır. Hər bir detektiv əsərdə tapmacanın mütləq çözüləcəyi, qatilin, canilərin ifşa ediləcəyi mütləq və gözləniləndirsə, macəra janrında yazılan əsərlərdə epiloqu öncədən proqnozlaşdırmaq olmur. Ona görə də maraqlıdır. 
 
Bu gün Jül Vernin əsərləri ona görə maraqlıdır və sevilə-sevilə oxunur. Söz yox, dünyanın hər qarışının kəşf edilmədiyi dönəmlərdə yazılan əsərlər hər şeyi bilmək istəyən oxucular üçün daha maraqlıydı. Ancaq indinin özündə, dünyanın hər qarışına bələd olduğumuz, okeanlardakı ən ucqar adalara belə insan ayağı dəydiyi dövrdə də hələ bilinməyən, maraqlı detallar çoxdur və bunlar barədə yazılan əsərlər çox maraqlıdır. 
 
Patrik O,Brayanın yazdığı “Səmərqəndə gedən yol” romanı bu qəbildəndir. Müəllif bu əsərini Jül Vern kimi başlayıb, Cek London kimi davam etdirib, Tur Heyerdal kimi başa çatdırıb. 
Kimin ağlına gələr ki, Qərbi Avropadan Səmərqəndə gedən yol Çindən, Tibetdən, Tyan-şandan keçəcəkdi? Bu, o məşhur və qədim şəhərə ən uzun yoldur. Ancaq Şərqi Çin dənizində lövbər salan gəmidən enən yolçuların başqa yolu yox idi, onlar Pekindən, Daxili Monqolustandan keçməliydilər, Çin səddini görməliydilər, monqol səhralığı ilə irəliləməliydilər, Tibetdən ötməliydilər. 
Aylarla davam edən yolçuluq zamanı onların başına çox macəralar gəlir – döyüşən Çin qəbilələrin arasında qalırlar, tərəflərə silahla kömək edən ruslardan qurtulurlar, onları qırıb-çapmaq istəyən qazaxlardan qaçırlar, nepallılara əsir düşür, birtəhər qurtulurlar.
 
Bütün bunlar nədən ötrüdür? Bunlar arxeoloq-alimin apardığı araşdırmaları, qazıntıları başa çatdırması üçündür. Ona qoşulanlar isə dənizçilərdir. Onların arasında gənc Derik də var. Derik dənizçi əmisinin tövsiyəsi ilə hərəkət edir. Əmisi onun öz ömrünü gəmilərdə, okeanlarda keçirməsini istəmir, istəyir ki, artıq yetim qalmış Derik oxusun, alim olsun. Ona görə də o, Səmərqəndə gedən arxeoloq-alimə qoşulmalıdır, ondan həm nəzəri, həm praktiki dərslər almalıdır. 
Yolçular səhralığın qızmarlığından Tibetin şaxtasına, qar-buzuna düşəndə bəzən həyatın artıq sona çatdığını düşünürlər. Amma sabaha inam hissi onları tərk etmir. Bu instinkt dünya oxucularına Cek Londonun Alyaskanın sərt şaxtasından bəhs edən əsərlərdən tanışdır, ancaq Patrik O,Brayan da dağların şiddətli küləyini, dondurucu şaxtasını, qar uçqunlarını, bir də onlarla birgə mübarizə aparan insanların əzmini, inadkarlığını gözəl təsvir edib. 
 
Bundan daha pisi yolçuların ürcahına çıxan qəddar, cahil, xurafatçı qəbilələrdir. Onlar hər dəqiqə heç bir əsaslı səbəb olmadan, sadəcə, rast olduqları bu adamların dərisinin, gözünün rəngi fərqli olduğu üçün onları öldürmək fikrinə düşürlər. Sərt şaxtadan qorunmaq iradə tələb edirsə, əcnəbiləri öldürüb məsuliyyət daşımayacağını düşünən qəddarlardan və cahillərdən qorunmaq ağıl və cəsarət tələb edir. 
 
Müəllif qəhrəmanlarının bütün bu təhlükələrdən necə keçdiyini rəvan dillə təsvir edir. 
“Səmərqəndə gedən yol” romanı TEAS Press Nəşriyyatı tərəfindən tərcümə və nəşr edilib.