Həqiqəti bəyan edən ruhlar barədə Kardekin “ruhlarla söhbət”i- Ömər Xəyyam yazır...
25.10.2018

 “Ruhlarla söhbət” – “Ruhani Doktrina”nın bir hissəsidir və spiritizmin beş fundamental mənbəyindən biri hesab olunur. Toplu ilk dəfə 1857-də fransız maarifçi Allan Kardek tərəfindən nəşr edilib. “Ruhlarla söhbət kitabı” spiritizmin ilk mənbəyi olmaqla yanaşı, həm də bu cərəyanın əsaslandığı ən önəmli qaynaq sayılır. Allan Kardek bu mövzularda o dövrə qədər yayılmış bütün sualların cavablarını ilk dəfə məhz bu kitabda bir araya toplamışdı.
 
  Kitab ruhların mənşəyi, yaradılışın məqsədi, kainatın nizamı, xeyir-şər və ölümdən sonrakı həyat barədə izahların külliyyatından ibarətdir. Kardek iddia edirdi ki,  ruhlar haqda minillik suallara verdiyi cavabları ona özlərini “Həqiqətin ruhu” kimi təqdim edən bir qrup ruh ötürür. Həmin ruhlar həqiqəti bəyan edirlər.
 
 O, ruhani aləmə yönəlmiş sualları, eyni zamanda, onlara verilmiş cavabları bir araya gətirərək, bəzən mövzudan kənar izahlar olsa da, daha çox ruhların ona birbaşa diktə etdiyi spesifik hədəfləri açıqlamışdı. Kardekin bəhs etdiyi mövzuların bəzilərinə hələ eranın əvvələrində qədim Roma ilahiyyatçı və filosofları Avqustin Avrelius və Tomas Akvinat, dövrünün məşhur yazıçılarından isə Volter müraciət etmişdi.
 
Kitabın əsas konseptləri:
 
•monoteizm (burda Ali yaradılış, xeyir və şərin eyni mənbədən doğulduğu nəzərə çatdırılır)
•yaradılış (Tanrı hər şeyin ibtidai təməlini qoyub, başda heç nə indiki kimi deyildi)
•İsanın əxlaqi və mənəvi təlimlərinin daim qüvvədə olması
•ölümdən sonra ruhun yeni həyat qazanması (disinkarnasiya)
•ruhların reinkarnasiyası
•Tanrının və yaradıcılığının özünəxas əxlaq anlayışı
•kainatın hər nöqtəsində yaradılmış varlıqlar (var olan dünyaların əksəriyyətində)
•dəfələrlə həyata dönməyin qazandırdığı təcrübələrlə ruhun mükəmməlliyə doğru inkişafı
•ruhun bir dünyadan digərinə miqrasiyası (transmiqrasiya)
•mediumlar vasitəsilə ruhların həyata əlverişli dünyalarda təzahür etmə imkanı
•karma (tam olaraq belə adlandırılmasa da) müşahidə edilən ədalətsizliklərin həll yoludur
•yaxşı əməllər ruhani həqiqətə çıxışın açarıdır, təkcə inanc şərt deyil
 
Ümumi məzmunu:
 
“Ruhlarla söhbət kitabı” əsasən dörd hissədən, müəllifin diliylə, dörd ayrı kitabdan ibarətdir. Hər hissə özü də bir neçə fəsilə ayrılır. Fəsillərin hamısı ayrıca bölmələrə bölünmür – belə ki, bəzi fəsillər sadəcə izah ediləcək bölmələrin başlığı kimi qeyd olunur.
 
Birinci kitab (İlk səbəblər)
 
Birinci kitab kainatın mənşəyindən və Tanrının işarələrindən bəhs edir.
Birinci fəsil -  (Tanrı) Tanrının əsl mahiyyətini nəzərə çatdırır.
İkinci fəsil - (Kainatın əsas elementləri) ruhani və maddi varlıqlar arasındakı fərqləri və materialistlərin ruha niyə inanmadıqlarını izah edir.
Üçüncü fəsil - (Həyat prinsipləri) canlı və cansız varlıqlar, diri və ölü həyat arasındakı fərqlər və instinktlə zəkanın qarşılıqlı cəhətləri haqqındadır.
 
 
İkinci kitab (Ruhlar dünyası)       
                                                                                                                                                  
İkinci kitabda Ruhani həyat izah olunur.                                                                                
Birinci fəsil - (Ruhlar) ruhun nə olduğunu, hardan gəldiyini, nəyə bənzədiyini, necə göründüyünü, varolma məqsədlərini və insanların ruhu nə cür dərk etdiyini izah edir.
İkinci fəsil - (Ruhların cismə çevrilməsi) ruhun niyə maddi formalara keçid etməsinə cavab verir.
Üçüncü fəsil - (Cismani həyatdan ruhani həyata dönüş) cisimdən ayrılan ruhun sonrakı həyatı (disinkarnasiyası), fiziki varlığın ölümü haqqındadır.
Dördüncü fəsil - (Varlıqların əksəriyyəti) reinkarnasiyadan bəhs edir.
Beşinci fəsil - (Varlıqların əksəriyyəti haqda mülahizələr) Kardekin dördüncü fəsildəki doktrinanı açıqlamaq üçün yazdığı essedən ibarətdir.
Altıncı fəsil - (Ruhun həyatı) ölümdə sonrakı ruhani dünyada ruhun varlığını necə davam etdirəcəyinə işıq tutur.
Yeddinci fəsil - (Cismani həyata dönüş) ruhun maddi həyata necə və nə zaman qayıtdığını, tam olaraq, yenidən doğulmasını analiz edir.  Səkkizinci fəsil - (Ruhun azad edilməsi) yaşayan bir canlı ruhunun ölmüşlərin ruhuyla ölümqabağı təcrübələr və yaxud dərin yuxudaykən yaratdığı qarşılıqlı əlaqəsini ehtiva edir.
Doqquzuncu fəsil - (Ruhların maddi dünyaya müdaxiləsi) ölmüşlərin ruhunun canlı həyatda baş verənlərə aşkar və ya gizli, qəsdən və ya bilməyərək müdaxiləsini hədəfə alır.
Onuncu fəsil - (Ruhların fəaliyyəti və missiyaları) ruhların dünya ilə əlaqəyə keçməsinin müxtəlif səbəbləri haqqında Kardekin qələmə aldığı essedir.
On birinci fəsil (Üç səltənət) cansız varlıqlar (minerallar), bitkilər, heyvanlar arasındakı fərqləri açıqlamaqla yanaşı, Metempsixozun (ruhani köçün) spiritist doktrinası standartlarını sadalayır.
 
 
Üçüncü kitab (Əxlaq qanunları)   
                                                                                                 
Bu hissə Kardekin doktrinasının nüvəsi hesab olunur. Bu hissədə yer alan özünəxas və ədalətli (müəllifin fikrincə) əxlaq qanunları insanlara əsəbi və ya çətin anlarda necə davranmalı olduqlarını təlqin edir, onlara təskinlik və təsəlli verməyə çalışır.
Kardek qanunları bu cür sıralayıb:
 
•İlahi qanunlar
•Sitayiş (Sədaqət) qanunu
•Əmək qanunu
•Nəsil artırma (Artım) qanunu
•Müdafiə qanunu
•Məhvetmə qanunu
•Sosial qanunlar
•İnkişaf qanunu
•Bərabərlik qanunu
•Azadlıq qanunu
•Ədalət, sevgi və mərhəmət qanunu
•Əxlaqi mükəmməllik, mənəvi inkişaf
 
Dördüncü kitab (Ümidlər və təsəllilər)
 
İnsanların din haqqında geniş yayılmış ümumi şübhələri və ən həssas mövzuların işığa çıxarılmasına həsr olunub.
 
Birinci fəsil - (Dünyəvi həzzlər və iztirablar) əsasən dünyada qarşılaşdığımız xeyir və şər əməllərə söykənən təcrübələrimiz haqqındadır.
İkinci fəsil - (Vəd olunmuş həzzlər və iztirablar) biz bu dünyada öldükdən sonra ruhumuzun yaşamağa məhkum olduğu növbəti həyatların idarəçəliyi haqqında qanunlardan ibarətdir.
 
Əsas konseptlər
 
Kitabda yer alan doktrinanın bəzi aspektləri bu şəkildə sadalanır:
 
•İnsan üç varlıqdan ibarət: ruh(can), bədən və perisprit. Perisprit – bədənlə canı (ruhu) birləşdirən substansiyadır.
•Ruhu ilahidəndir, yaradılmış maddələrdə həyatını davam etdirməkdədir.
•Yaradılışda mələk və şeytan yoxdur. Xeyir və şər ruhlar mövcuddur. Hətta ən mənfur insan belə bir gün mükəmməlliyə nail olacaq.
•Bütün ruhlar bəsit və cahil yaradılıb. Hər ruh getdikcə zehni və əxlaqi baxımdan yetişir, mükəmməlliyə çatana qədər ən alt təbəqədən daha üst pillələrə doğru səyahət edir.
•Bütün ruhlar öz fərdiyyətini qorumaqdadır, yaşamdan əvvəl də, yaşadığı dövrdə də, bitirdiyi həyatdan sonra da. Belə ki, hər bir ruhun yaşadığı xatirələrin miqdarı onun ruhani inkişafının göstəricisidir.
•Ruhun yaşadığı bütün maddi vücudlar ancaq irəliləyən xətlə getməkdədir, geriyə yol yoxdur. Ruhun inkişaf sürəti onun özünü yaxşılaşdırmağa doğru göstərdiyi səylərə bağlıdır.
•Ruhlar əldə etdikləri mükəmməllik dərəcələrinə görə fərqli sistemlərə tabe ola bilər. 
 
Üç əsas kateqoriya müəyyənləşib (həmçinin, maye halı da daxil olmaqla saysız altkateqoriyalar var): ən yüksək mükəmməlliyə nail olmuş saf ruhlar, yaxşılığa doğru çatmağı səylə arzulayan xeyirli ruhlar, bir də cahil və şər xislətli kimi tanınan qüsurlu ruhlar. Ruhlarla insanın əlaqələri sabit və daimidir. Xeyirli ruhlar yaxşılığa gedən yolda və keçdiyimiz imtahan müddətində bizə yol göstərmək üçün, cəsarət və sədaqət məsələlərində onları dəstəkləməyimiz üçün əllərindən gələni edirlər. Qüsurlu ruhlar isə, tam əksinə, bizi şərə aparan yola girməyə təşviq edirlər.
 
•Hər kəsin öz ruh qoruyucusu var, başqa sözlə, hər hansı missiyada və ya keçdiyimiz imtahan müddətində bizə nəzarət etməyə məsul edilmiş xilaskar mələklər mövcuddur. Bununla yanaşı, bizim dünyadakı həyatımız başlayanda bu missiya onlar üçün özlərini inkişaf etdirmək və arınmaq üçün bir şans deməkdir.
•İsa bəşəriyyətə nümunə və bələdçidir.
•İnsan iradəsi azaddır, ancaq hər şeyə görə cavab verməlidir.
•İnsanın növbəti həyatı onun keçmiş davranışlarına və özinkişaf tutumuna görə formalaşdırılır.
 
 Mən sevinirəm ki, “Ruhlarla söhbət” kitabı təzəlikcə bizim dilə də tərcümələnib və TEAS Press Nəşriyyat evində nəşr edilib. Ölümdən sonrakı həyat haqqında, spiritualist fəlsəfənin konstitusiyası  hesab edilən bu dəyərli kitabı Azərbaycan dilinə İlahə Əliyeva və Şain Sinaria çevirib.
 
  Allan Kardekin spiritist qanunlar çərçivəsində ən önəmli yeri tutan “Ruhlarla kitabı” onun “Ruhani doktrina” adlandırdığı beş kitabından birincisidir.
 
 Qeyd edim ki, müəllifin digər dörd kitabı – “ Mediumun kitabı”, “Spiritizm müjdəsi”, “Cənnət və cəhənnəm”, “Spiritizmin bünövrəsi” topluları da spiritist hərəkatın ən qiymətli nümunələri hesab edilir.
 
 Spiritist hərəkatın banisi Allan Kardekdən ötrü Ali yaradılış, bütün kainatı yaradan Tanrı ön plandadır və Şeytan mövcud deyil, amma İsa Tanrının elçisidir. Kardekin kitabları İsanın Tanrının oğlu olmasını və müqəddəs doğumu təkzib etsə də, onun Tanrı tərəfindən göndərilmiş ən mükəmməl vasitəçi olduğunu dəfələrlə qeyd edir və İsanın təlimləriylə uzlaşır.
 
 “Ruhlarla söhbət” kitabının nəşrindən sonra Kardekin spiritiual doktrinası kök salmağa başladı, daha sonra başda Fransa olmaqla bütün Avropaya yayıldı və sorağı Şimali Amerikaya çatdı. Ən maraqlısı isə odur ki, Cənubi Amerika  spiritualizmin məskəninə çevrildi.
Kardekin Braziliyadakı müridləri hər il Parisə gəlir və onun məzarını ziyarət edirlər.