Bu kitabı niyə oxumalı?- Səltənət Zülfüqarova yazır...
04.11.2018

Müasir pediatriya və mamaçalıqda ana südünün hörmətini bərpa edən dünyamiqyaslı bir sıra həkim-mütəxəssislər var. Ana və körpələrə anlayışla yanaşan həkim mütəxəssislərin səyləri nəticəsində daha çox ana-balaya uyğunlaşdırılmış səhiyyə praktikası tətbiq olunmaqdadır. 
 
Ana südü və təbii doğuş sahəsində anaları maarifləndirən parlaq adlar haqqında qısaca olaraq: Jack Newman dünyada ilk əmizdirmə klinikasının banisi, Michel Odent və İna May Gaskin doğuşlara təbii yanaşmanın və dərhal əmizdirmənin üstünlüyünü təbliğ edənlər, William Sears əmizdirmə prosesinin psixoloji ve fiziki üstünlüklərinin araşdırılması ilə məşğul olan və əlbəttə ana südünün təbliğatında sözünü deyən Carlos Gonzalez. Məhz onların kitabları dünyanın müxtəlif dillərinə tərcümə olunur və milyon tirajlarla satılır. Əlbəttə ana südünün təbliğatı sahəsində əziyyəti olan minlərlər insanlar mövcuddur. Bütün adları sadalanan və sadalanmayan mütəxəssislərin rəğbətə sahib olmalarının səbəbi sadədir-ana və körpənin fiziki və emosional halına anlayışlı yanaşma, ana-ataya heç də asan olmayan valideynlik yolunda dəstək göstərməkdir!
 
Carlos Gonzalezin yazdığı və dediyi cümlələr anaların hisslərindən o qədərə xəbər verir ki, analar ondan sitatlar gətirməkdən yorulmurlar:
 
“Soruşursunuz ki, körpənizi neçə dəfə əmizdirməlisiniz. Bu sualın cavabı yoxdur. Onu neçə dəfə öpməlisiniz? Onunla neçə dəfə oynamalısınız? Körpəyə döşün verilməsi sevginin təzahürüdür-buna görə də əmizdirmə norma və  miqdarlara bağlı deyil!”
 
“Körpənizi döşlə sakitləşməyə öyrəşdirən siz deyilsiniz! Sadəcə körpəniz döşdə sakitləşir və bu tamamilə fərqli anlayışlardır!”
 
“Bütün uşaqlar qucaqda olmağı sevirlər. Fərq yalnız intensivlikdədir: bəzi uşaqlar özlərini qucaqda yaxşı, digər yerlərdə isə daha pis hiss edirlər, digərləri isə özlərini qucaqda yaxşı, başqa yerlərdə isə çox pis hiss edirlər"
 
“Müasir dövrün stresindən danışanlar çox ehtimal ki, bizim yatıb səhər oyanma ehtimalının çox olan ilk nəsil olduğumuzu unudurlar. Qadınlar minilliklər boyu bütün çətin şəraitlərə rəğmən körpələrini əmizdirmişdirlər. Epidemiyaların şəhərləri məhv etdiyi, müharibənin ətrafda hər şeyi yoxa çıxardığı və hətta 35 yaşına çatmaq ahıllığa yetişmək kimi qəbul edilən çətin vaxtlarda bunu etməyi bacarıblar!”
 
“Qadının laktasiyası zərif istixana bitkisi deyil! Əksinə orqanizmin etibarlı funksiyalarındandır. Bu funksiya sağ qalmaq üçün mühümdür. Bədənimizin istənilən orqanının fəaliyyətdən dayanması mümkündür. Ana südünün qəfil kəsilməsi də ürəyin dayanması və ya böyrək çatışmamazlığı kimi qeyri-normal bir haldır.”
 
“Türmələr və ruhi xəstəxanalar körpəlikdə tez-tez qucağa götürülən və zorla ana südü ilə qidalandırılan adamlarla dolu deyil. Tam əksinə orada, atılmış, imtina edilmiş və valideynləri tərəfindən pis davranış görən insanlara rast gəlmək olar. Sevgi hələ heç kimi korlamayıbdır.”
 
“Siz körpənizi pis tərbiyə edərsiniz əgər ona spirtli içki içirtsəniz, çubuqla döysəniz və ya ondan imtina etsəniz. Əmizdirmədə rejimin olmaması ilə siz körpənizə heç də pis tərbiyə vermiş olmayacaqsınız.”
 
Müsahibələrindən birində Dr. Gonzalez ana südü mövzusunda mövcud olan və analara yeridilən 3 cəfəngiyatı ifşa edir.
 
Yalan: Körpə aclığını bilmir! Yalnız saatla bunu bilmək olar!
Yalan: Əmizdirmək mürəkkəb məsələdir! (Lakin əcdadlarımız bunu minilliklər boyu etmişlər.)
Yalan: Əmizdirmək ağrıdır, amma yaxşı analar ağlamırlar! (Xeyr! Əgər ağrı varsa, demək problem var. Bunun üçün də mütəxəssisə müraciət etmək lazımdır.)
 
Carlos Gonzalezdən gətirilən sitatlar onun 400-dən artıq səhifəyə malik “Ömürlük hədiyyə. Döşlə əmizdirməyə dair təlimat.” kitabını oxumaq üçün kifayət qədər güclü səbəblərdir. TEAS Press tərəfindən nəşr edilən bu kitab növbəti dəfə hamilə və ya yeni valideyn olan qohum və dostlarınıza hansı keyfiyyətli hədiyyə əldə etmək kimi sualına cavabdır. “Ömürlük hədiyyə” kitabı ana südünə aid olan demək olar ki, bütün məlumatları asan izahatlarla özündə toplamışdır. Kitabın müsbət cəhətlərindən biri də Azərbaycanda ana südünü dəstəkləyən azsaylı mütəxəssislərdən biri olan neonatoloq Sitarə  Haqverdiyevanın da redaktorluğundan keçməsidir.
 
Kitabda ən çox nəzəri cəlb edən hissə “Günahkarlıq hissi” bölməsi oldu. Müəllif təcrübəsizlikdən və digər səbəblərdən ana südü ilə körpələrini qidalandıra bilməyən analara təsəlli verir və günahkarlıq hissindən qurtulmağa çağırır. Necə deyərlər hər şey hələ qabaqdadır-sizin üçün, bacınız, gəlniniz, qızınız və nəvələriniz üçün. Oxuyun, maariflənin, maarifləndirin və ana südü möcüzəsindən yararlanmağa səbəb olun.