“Azərbaycan Müasir İncəsənət kitabı”nın təqdimatı keçirildi
04.03.2022

2018-ci ildən varyox.az platforması incəsənət sahəsində fəaliyət göstərir və bu günə qədər bir çox layihələr həyata keçirib. Ən mühüm və böyük layihələrdən biri Azərbaycan müasir incəsənət nümayəndələrini bir kitaba toplamaqdır.

 

“Şəkilçəkən” rubrikası son iki il ərzində VarYox.az  İncəsənət platforması tərəfindən yaradılıb. Rubrika redaktoru VarYox təsisçisi Sitarə İbrahimbəyova, yazarı isə amerikalı kurator Lesley Qreydir. Bu layihəni yaratmaqda məqsəd Azərbaycan müasir incəsənət platformasının üzvlərini cəmiyyətə tanıtmaq və onların yaradıcılığını işıqlandırmaqdır. İki il ərzində 70-ə yaxın sənətçinin yaradıcılığı cəmiyyətə təqdim edilib. Məqalələrdə onların gördükləri işlər, önəmli xarici sərgiləri və yerli layihələri qeyd edilib. Demək olar ki, bu, Azərbaycan incəsənət tarixi üçün bir yenilkdir, çünki bu günədək  belə önəmli insanların çoxsaylı işləri daimi və ardıcıl olaraq ensiklopedik şəkildə dərc olunmamışdır.

 

Layihə əsasında məqalələr mütəmadi olaraq VarYox saytında oxucuların ixtiyarına verilmişdir. İlk gündən aldığımız müsbət rəylər və layihənin vacibliyi bu işin tarixi əhəmiyyətini anlamağımıza səbəb oldu. VarYox.az komandası olaraq, yekun qərara gəldik ki, yenə də bir ilk olan “Azərbaycan Müasir İncəsənət kitabı”nı ərsəyə gətirək. Artıq 3 ildən çoxdur ki, üzərində böyük həvəs və həyəcanla çalışdığımız kitabın necə dəyərli və gələcək nəsillər üçün vacibliyini dərk edərək, bu yolda iri addımlarla irəliləməyə başladıq. Kitabın yerli əhəmiyyəti ilə yanaşı, azərbaycan – ingilis dilində olması, həmçinin, onun ölkəmizdən kənarda da vacibliyini ortaya çıxarır. Kitab istər ölkəmizin mədəni mühitilə maraqlanan insanlar üçün, istərsə də ölkəmizdən turistik hədiyyə olaraq aparılacaq ən qiymətli mənbələrdən biri olacaqdır. Bu cür ensiklopedik əhəmiyyət kəsb edən kitab gələcək on illiklər üçün çox vacib, qiymətli sənət əsəri hesab oluna bilər. Eləcə də azərbaycan və ingilis dillərində olması özü də bir ilk hesab edilməlidir.

 

Biz, VarYox.az Mədəniyyət və İncəsənət Platforması, dəstəkçi PAŞA Holding və kitabda bəhsi keçən sənətçilər və kitabın ortaya çıxmasında zəhməti olan hər kəslə birgə tarix önündə çox böyük və önəmli bir əsəri ərsəyə gətirərək Azərbaycan xalqının mədəni irsinə töhfə verdiyimizə görə çox şadıq.