“Memorial. Vətən müharibəsi şəhidləri” kitabı təqdim olundu
17.03.2022

Bu gün “Memorial. Vətən müharibəsi şəhidləri” kitabının təqdimat mərasimi keçirilb. “LIBRAFF Park Akademiya” kitab mağazasında baş tutan tədbirdə millət vəkilləri, yazıçılar, mədəniyyət və incəsənət xadimləri, “YAŞAT” Fondunun nümayəndələri, şəhid ailələrinin üzvləri, blogerlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 44 günlük Vətən müharibəsinin müqəddəs qəhrəmanlarına həsr edilən üç cilddən ibarət “Vətən müharibəsi şəhidləri” memorial kitabının I cildi bu günlərdə işıq üzü görüb. TEAS Press Nəşriyyat evinin çapa hazırladığı kitabı Vətən müharibəsi şəhidləri haqda ensiklopediya da adlandırmaq olar. Kitaba Vətən müharibəsində (27.09.2020 – 10.11.2020), həmçinin azad edilmiş torpaqlarda Azərbaycan Ordusunun mövqelərinin möhkəmləndirilməsi prosesinin davam etdiyi 2021-ci il dekabrın 31-dək olan müddətdə şəhadətə ucalmış qəhrəmanlarımız barədə məlumatlar daxil edilib. Bu kitabda soyadları əlifba sırası ilə A, B, C, Ç, D, E, Ə, F, G hərfləri ilə başlayan 957 Vətən müharibəsi şəhidi  haqda məlumatlar yer alır. Şəhidlərin siyahısı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son rəsmi məlumatları əsasında tərtib olunub.

“YAŞAT” Fondunun informasiya dəstəyi ilə çapa hazırlanan kitabın I cildinin bütün nüsxələri hər şəhid ailəsinə bir nüsxə olmaqla təqdim edilib, yerdə qalan kitabların satışından əldə edilən gəlir isə “YAŞAT” Fonduna ianə olunacaq. Hazırda kitabın ikinci və üçüncü cildləri çapa hazırlanır, onlar da bu il işıq üzü görəcək.

Müqəddəs şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq! Onların ruhunu sonsuz ehtiramla anır, hər birinə Uca Tanrıdan rəhmət diləyirik!