TEAS Press Nəşriyyat Evi Şamaxıda kitab-sərgi yarmarkası keçirdi.
17.09.2022

“TEAS Press” Nəşriyyat Evinin təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə Şamaxıda, Heydər Əliyev adına parkda kitab yarmarkası keçirilib. Sərgidə Şamaxı Rayon İcra hakimiyyətinin nümayəndələri, millət vəkilləri və digər rəsmilər iştirak edib. Kitabın bəşəri dəyər olduğunu qeyd edən sərgi qonaqları regionlarda kitab sərgilərinin keçirilməsini yüksək qiymətləndirib. 

Sərgi çərçivəsində Azərbaycan ədəbi mühitinin sevilən yazıçıları Reyhan Yusifqızı, Zahid Xəlil və Elxan Elatlı ilə imza imza saatları təşkil olunub. Yazıçılar cəmiyyət tərəfindən böyük marağa səbəb olan kitab yarmarkalarının və ədəbi görüşlərin tez-tez keçirilməsinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb. Daha sonra, kitabsevərlər  Azərbaycanın tanınmış yazıçıları Elxan Elatlı, Zahid Xəlil və Reyhan Yusifqızının “44 günlük Qarabağ müharibə”si ilə bağlı qələmə aldıqları kitablarla yaxından tanış olub və müəlliflərin öz imzası ilə kitab əldə ediblər.

Sərgidə xalqımızın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunan Qarabağın tarixini və Şəhidlərimizin keçdiyi şanlı döyüş yolunu əks etdirən kitablar və digər çap məhsulları xüsusi yer alıb.

Qeyd edək ki, “TEAS Press” Nəşriyyat Evi tərəfindən regionlarda kitab sərgilərinin  keçirilməsində əsas məqsəd cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etməkdir. Ümumilikdə təşkil olunan iki günlük Kitab Sərgi-Yarmarkasında 104 adda 1300 -ə yaxın kitab oxucuların diqqətinə çatdırılıb.