Elxan Elatlının yeni ˝Eksperiment˝ adlı kitabı oxuculara təqdim olundu
28.10.2018

Roman yazıçının əvvəlki əsərlərindən kəskin fərqlənir. Belə ki, onu ədəbiyyatımızda ilk uğurlu karyera romanı da adlandırmaq olar.
Uzaq bir kənddə yazıb-oxumağı bacarmayan, olduqca çirkin, mənəviyyatca az qala bütün mənfilikləri özündə cəmləmiş bir naxırçı ilə rastlaşan nazir Rəfizadə eksperiment marağı xatirinə onu paytaxta aparıb hərtərəfli dəyişmək, sonda öz tabeliyindəki zavodların birinə direktor müavini təyin etmək qərarına gəlir. Jurnalist dostu bunun əsla mümkün olmayacağını desə də nazir fikrindən dönmür. Naxırçını şəhərə apararaq onun həm zahiri baxımdan, həm də mənən dəyişdirilməsi prosesinə başlayır və tabeliyindəki bəzi adamları da bu işə qoşur.  Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
 
28 oktyabr tarixində  kitab mağazaları şəbəkəsi olan "Libraff"ın Park Akademiya filialında sözügedən "Eksperiment" kitabının imza günü keçirildi. Hər kitabı oxucuları tərəfindən səbirsizliklə gözlənilən Elxan Elatlının bu kitabına da maraq həddindən çox idi.