˝Əsir düşərgəsi˝ kitabının imza günü keçirilib
01.04.2019

“TEAS Press” Nəşriyyat Evində çap olunan "Əsir düşərgəsi" kitabının imza günü keçirilib. 
 
Kitabın müəlliifi Vüsalə Məmmədova kitab haqqında daha geniş məlumat verib: "Əsir düşərgəsi” kitabında doqquz hekayə toplanıb. Bu hekayələr təxminən otuz insanın, otuz girovun taleyini, yaşadığı faciəni əhatə edir. Birinci kitabdan fərqli olaraq bu kitabda döyüşçü Fəxrəddin Abışovun hekayəsi yer alıb. Burada Xocalı faciəsindən sonra Türkiyədən Azərbaycana gəlib könüllü olaraq ordu sıralarına yazılan və bizim torpaqlar uğrunda döyüşən Atilla Yumakın da həyat hekayəsi yer alır. Çünki bir Türkiyə vətəndaşı olaraq Atilla Qarabağ torpaqları uğrunda döyüşüb və əsir düşüb. Kitabda yer alan “Atam tez qayıdacaq” hekayəsinin qəhrəmanı, 1991-ci ildə girovluq həyatı yaşayan Bayram dayı artıq dünyasını dəyişib. Burada bir həyat hekayəsi də var ki, onun qəhrəmanı əsirlikdən qayıda bilməyib. Mən onun hekayəsini anasının dilindən yazmışam. Bildiyimiz kimi, 2 aprel Kəlbəcərin işğalı günüdür. “Əsir düşərgəsi”nin böyük bir hissəsi isə Kəlbəcərdən çıxmağa çalışarkən girov düşən mülki şəxslərin həyat hekayəsi təşkil edir”.
Daha sonra müəllif oxucular üçün kitab imzalayıb.
 
Lent.az saytının baş direktoru Qabil Abbasoğlu nəzərə çatdırıb ki, “Əsir düşərgəsi” kitabı Lent.az-ın eyni adlı layihəsi çərçivəsində ərsəyə gələn ikinci kitabdır: “Bundan əvvəl “Cəhənnəmdə böyük çığırtı” kitabı nəşr olunub. Arzulamadığımız məzmun olsa da, kitabda Azərbaycanın acı reallığı cəmlənib”.
 
Kitabın təqdimatı “Gənclik Mall”dakı “Libraff” kitab mağazasında baş tutub.