“TEAS Press” Nəşriyyat evi “Üç alma uşaq ədəbiyyatı”-nı təqdim edir
13.11.2014

Noyabrın 13-də “TEAS Press” Nəşriyyat evinin “Üç alma uşaq ədəbiyyatı” bölməsinin rəsmi açılışı münasibətilə VİP tədbir keçirildi. Tədbirdə Azərbaycan dilində 20-dən artıq kitabın təqdimatı oldu. Onların arasında şəkilli, həmçinin, yeni oxumağa başlayanlar üçün kitablar, eləcə də, yuxarı yaşlı uşaqların mütaliəsi məqsədi ilə romanlar yer tuturdu.

Tədbiri giriş sözü ilə uşaq ədəbiyyatı bölməsinin rəhbəri Coleen MacDonell açdı. Bildirdi ki, bu tədbir monumental olması ilə yanaşı, eləcə də, bir sıra yeniliklərlə fərqlənir. Onun sözlərinə görə, “3 alma uşaq ədəbiyyatı” layihəsinin əsas məqsədi bunlardan ibarətdir: 1. Dünyanın ən yaxşı yazıçılarını uşaqlara tanıtmaq; 2. Onların kitablarını müasir Azərbaycan dilinə tərcümə etmək.
Coleen MacDonell çıxışı zamanı xüsusilə vurğuladı ki, mərasimdə nümayiş etdirilən və oxucuların ixtiyarına verilən əsərlər, yaxın illərə qədər Azərbaycan dilinə tərcümə olunmuş kitablardan fərqlənir: “Biz uşaqlarda qiraətə maraq oyadacaq kitabları seçib tərcümə etmişik. Uşaqlar öz valideynlərindən təkrar-təkrar bu kitabları oxumağı istəyəcəklər”.
Xanım MacDonell onu da qeyd etdi ki, “valideynlər hər gün heç bir istisna təşkil etmədən uşaqlarına kitab oxumalıdır və hər bir uşağın özünün şəxsi kitabxanası olmalıdır”. Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov isə öz çıxışında bildirdi ki, “Avropa Azərbaycan Cəmiyyətinin əsas məqsədi Azərbaycanı ölkə hüdudlarından kənarda təbliğ etməkdir”. Cənab Heydərov ulu öndər Heydər Əliyevin vaxtilə təhsilə dair söylədiyi sözlərindən sitat gətirdi: “Təhsil - ölkənin parlaq gələcəyi üçün açardır”. O, vurğuladı ki, uşaq ədəbiyyatının tərcümə edilərək dərc olunması və balacaların ixtiyarına verilməsi, məhz, bu müqəddəs vəzifənin həyata keçirilməsində əsas rol oynayır.

Final məruzəçisi isə mərasimə dəvət edilmiş xüsusi qonaq Mo Uilyems idi. Qeyd edək ki, Cənab Uilyems dünya şöhrətli uşaq yazıçısı və illüstratorudur. O, uşaq ədəbiyyatı ilə məşğul olmazdan əvvəl televiziyalar üçün ssenarilər yazıb, animator olub. “Sesame küçəsi” televiziya layihəsində doqquz il çalışıb. Altı dəfə “Emi” mükafatına layiq görülüb. Bundan başqa, Mo Uilyems Nickelodeon və Cartoon Network uşaq telekanalları üçün cizgi filmləri çəkib. Belə bir dünya şöhrətli yazıçının 5 şəkilli kitabı Azərbaycan dilinə tərcümə edilib. Mo Uilyems “Üç alma uşaq ədəbiyyatı” bölməsinin rəsmi açılışı mərasimində ən sevimli qəhrəmanlarından biri olan Göyərçini necə çəkməyi nümayiş etdirdi.

Sonda bildirək ki, kitabların keyfiyyəti tədbir iştirakçılarını yaxşı mənada çox təəccübləndirdi. Onların belə nəfis tərtibatda dərc edilən kitabları vərəqləməkdən zövq almaları diqqəti cəlb etməyə bilməzdi. Tədbir başa çatandan sonra kitabların ilk satışı həyata keçirildi. Yazıçı Mo Uilyems müəllifi olduğu kitablara özünün imzasını qoyaraq, iştirakçılara təqdim etdi.