“TEAS Press” Nəşriyyat Evi “Oxford University Press” Nəşriyyatının Azərbaycanda rəsmi eksklüziv distribütoru oldu
14.05.2015

Dünyada ən böyük universitet nəşriyyatı olan "Oxford University Press" (OUP) Nəşriyyatı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) bölməsi - "TEAS Press" Nəşriyyat Evini İngilis Dili Tədrisi (İDT) və digər nəşrlərinin Azərbaycanda rəsmi eksklüziv distribütoru təyin etmişdir. Birgə çalışmaq qərarı cari ilin fevral ayında Türkiyədə keçirilən Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika üzrə 11-ci İDT Satış Konfransından sonra verilmişdir. "OUP" və "TEAS Press" in əməkdaşlığı "OUP" nəşriyyatı üçün Azərbaycanda bütün uşaqlar arasında "İDT" nəşrlərinin yayımına imkan verir. Bu, müəllim və şagirdlərin təhsil və ingilis dilinin öyrənilməsi vasitəsi ilə onların dünya görüşünün əhatə dairəsinin genişləndirilməsinə imkan yaradacaq.

"OUP" və "TEAS Press" arasında əməkdaşlıq Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təsisçisi və sədri Tale Heydərov və "OUP" nin "İDT" Satış və Beynəlxalq İnkişaf üzrə Direktoru Saymon Mavin tərəfindən 15 may tarixində keçirilmiş təqdimat mərasimində elan edilmişdir.

16 may tarixində, "OUP" nəşriyyatının "İDT" üzrə ixtisaslaşmış iki təlimçisi Azərbaycan müəllimləri üçün təqdimat keçirəcək. Təlimçilər Bill Bouler və Angela Bukkingem universitet, dövlət və özəl məktəblər də daxil olmaqla, təhsil müəssisələrinin müəllimləri üçün seminar keçirəcəklər. "OUP" təlimçiləri ingilis dilini öyrənən kiçik yaşlı uşaqlar üçün "Family and Friends", orta məktəb şagirdləri və böyüklər üçün isə "Solutions", "Headway" və "English File" kimi nəşrlərin təqdimatını keçirəcəklər. Seminar müəllimlərə şagirdlərin ingilis dili üzrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün dərslərində bu materiallardan necə istifadə edə biləcəklərini müəyyən etməyə yardım edəcəkdir.

"OUP" nəşriyyatı inglis dili tədrisi üçün materialların çapı sahəsində zəngin təcrübəyə malikdir. Bu nəşriyyatın ilk məhsulu 1940-ci ildə işıq üzü görüb. "Oxford Advanced Learner's Dictionary -Yuxarı Səviyyəli Öyrənənlər üçün Oksford Lüğəti" - ingilis dilini öyrənənlər üçün ilk müfəssəl lüğətlərdən biri olmuşdur. Hazırda "OUP" "İDT" materiallarının nəşri üzrə beynəlxalq səviyyədə qlobal lider kimi ad çıxarmış tanınmış nəşriyyatdır. Saymon Mavin demişdir: "Təhsil insanların həyatını yaxşıya doğru dəyişir və biz çox şadıq ki, "Oxford University Press" Nəşriyyatının "TEAS Press" Nəşriyyat Evi ilə əməkdaşlığı sayəsində Azərbaycandakı müəllim və tələbələr bizim nəşrlərdən bəhrələnə biləcəklər."

"Oxford University Press" haqqında

"Oxford University Press" Nəşriyyatı Oksford Universitetinin bir departamenti kimi fəaliyyət göstərir. Bu nəşriyyat bütün dünyada müxtəlif nəşrlər çap etməklə universitetin tədqiqat işlərində, təqaüd və təhsildə mükəmməlliyə nail olmaq məqsədini təbliğ edir. "OUP" dünyanın ən böyük qlobal əhatəli universitet nəşriyyatıdır. Hazırda, nəşriyyat ildə 7 min yeni kitab çap edir, 50-dən çox ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Bütün dünya üzrə 7 mindən çox işçisi var. Bu nəşriyyatı müxtəlif nəşr proqramlarına görə milyonlarla insan tanıyır. Buraya bütün akademik sahələr üzrə elmi işlər, incillər, musiqi, məktəb və kollec dərslikləri, uşaq kitabları, xarici dil olaraq ingilis dili üzrə tədris vəsaitləri, biznes sahəsində kitabar, lüğətlər və təlimat kitabları və elmi jurnallar daxildir.

Daha ətraflı məlumat üçün: www.oup.com/elt,

"TEAS Press" haqqında

"TEAS Press" Nəşriyyat Evi Azərbaycanda nəşriyyat işinə dəstək vermək, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək keyfiyyətlə tərcüməsi və nəşri, həmçinin Azərbaycanın xaricdə tanıdılmasına töhfə vermək məqsədilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilmişdir. Nəşriyyat evi tərkibində uşaq ədəbiyyatı üzrə ixtisaslaşan "3 alma" Uşaq Ədəbiyyatı Nəşriyyatı da yaradılmışdır. "3 alma" Uşaq Ədəbiyyatı Nəşriyyatı (www. 3alma.az) tərəfindən ilk dəfə olaraq dünyanın ən məşhur uşaq ədəbiyyatı nəşriyyatları - "Andersen Press", "Clavis", "Disney Hyperion", "Raintree - Capstone Books" nəşriyyatlarından 60-dan artıq bədii və informasiya xarakterli kitab xüsusi seçilərək Azərbaycan dilinə tərcümə edilmiş və nəşrə hazırlanmışdır.