“BP Azerbaijan” şirkəti idarəetmə, siyasət elmi və keys menecment sahələri üzrə ali təhsil üçün beynəlxalq miqyasda tanınmış 3 dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib. TEAS Press Nəşriyyatı ilə birgə əməkdaşlıq sayəsində ərsəyə gələn bu kitablar şirkətin Azərbaycan dilində yerli universitetlərə gətirməyi öhdəsinə götürdüyü 10 beynəlxalq təhsil vəsaitindən ilk 3 dərsliyin tərcüməsidir.
 
Beynəlxalq miqyasda ən geniş yayılmış dərsliklər sırasında olan bu kitablar  yerli universitetlərdən və ekspertlərdən alınmış tövsiyələr əsasında seçilib. Kitabların seçilməsində başqa bir mühüm meyar isə bu dərsliklərin aparıcı beynəlxalq universitetlərin proqramlarında icbari təhsil vəsaiti kimi istifadə edilməsidir.
 
Sözügedən üç kitab aşağıdakılardır: İdarəetmənin əsasları – müəlliflər: Stiven P. Robbins, Meri Koulter və Devid A. DeSenzo; Siyasət Elmi: Giriş – müəlliflər: Maykl Rozkin, Robert L. Kord, Ceyms A. Mideyros və Valter S. Cons; Keys menecment – müəlliflər: Artur C. Frankel və Şeldon R. Gelman.
 
Kitablar BP-nin yerli universitetlərə hədiyyəsidir, lakin yerli kitabxanalar və əlaqədar akademik institutlar vasitəsilə bütün maraqlı şəxslər üçün də əlçatan olacaq.