˝Mifin qısa tarixi˝ kitabı üçün elan olunan esse müsabiqəsinin qalibi.
18.10.2018

2018-ci ilin iyun ayında alıb, sentyabr ayında oxuduğum Karen Armstronqun “Mifin qısa tarixi” kitabını rahatlıqla oxumağa dəyər əsər adlandırmaq olar. Bu əsərin yazıldığı araşdırma janrı onu daha da maraqlı edir. Tədqiqatçı fikirlərini əsaslandırmaq üçün geniş ədəbi mənbələrə müraciət edir. 
 
“Mif nədir?”, “niyə yaranmışdır?”, “nəyə görə indiki həyatda insanlar mifə fərqli münasibət göstərir?” kimi suallara bu kitabda cavab tapmaq mümkündür. Mif insanların həyatında önəmli məsələlərin həlli üçün yol göstərən, ölümün qaçılmaz olduğunu anlayıb ona hazırlıq görülmə mərhələlərini özündə birləşdirən insan təxəyyülünün məhsuludur. Əsərdə mifin paleolit dövründən tutmuş indiyə qədərki hər dövrdə insanların inkişaf edən həyat tərzinə uyğun olan dəyişikliyi, dəyişikliklərlə bərabər mifin ümumi mahiyyətinin uzun əsrlər  boyu eyni qalması, elm yarananda mifi sıxışdırması da əks etdirilir.
 
Müəllifin araşdırmasının diqqətçəkən bir məqamı ondan ibarətdir ki, miflərin, dinlərin təlqin elədiyi əsas fikir ölümdən sonrakı həyatı qazanmaq üçün nəyisə qurban vermək, yeri gəldikdə müəyyən ayinləri yerinə yetirərək ekstaz halına düşmək lazımdır. Belə ki, miflərin ən əsas xüsusiyyəti odur ki, onlar sadəcə yol göstərmək üçün nəql edilən hekəyələr deyildir, mifin mif, dinin din olması üçün rituallar vacib şərtdir. K.Armstronq xüsusən qədim dövrlərin müxtəlif miflərinin rituallarını bir-birilə əlaqələndirərək, yuxarıda dediyimiz kimi ümumi mahiyyətin eyni olduğunu göstərir.
 
Elm və texnikanın inkişafı, insanların hadisələrə rasional yanaşması mifik təsəvvürləri aradan qaldırmağa, ələlxüsus son əsrlərdə mif yaratma prosesinin yox olmasına gətirib çıxarır. Lakin anlamaq lazıdır ki, müəllifin dediyi kimi “Həm mifologiya, həm də elm insanın bacarıq və imkanlarının üfüqlərini genişləndirir”. Texnikanın olmadığı qədim zamanlarda insanların ətraf aləmə qarşı fikirləri nə qədər geniş imiş ki, mif meydana gətirirlər və deyə bilərik ki, elm mifi qəbul etməsə də, onun rüşeymləri elə miflərə gedib çıxır.
 
Bir musiqişünas olaraq miflə bağlı bəzi qeydləri etməyi özümə borc bilirəm. Müəllifin əvvəldən sona qədər qeyd etdiyi bütün dövrlərdə miflərin və dinlərin rituallarında musiqi əsas amil olmuşdur. Çünki mif kimi musiqi də insan düşüncəsinin, hisslərinin məhsuludur və necə ki mif ritualdan ayrılmır, eləcə də ritual da musiqidən ayrılmır. Paleolit dövrünün şamanlarının qavalabənzər alətlərindən tutmuş, kilsələrdəki messalara, məscidlərdəki azanlara qədər musiqi hər zaman mifi müşayiət etmiş, onun təsir gücünü artırmağa xidmət etmişdir. Buna görə də, əsərdə musiqi aspektinə toxunulmasa belə digər xüsusiyyətlərinə görə mifin bir incəsənət növü olduğu qənaətinə gəlinir. 
 
Müəllifin son qeydləri dövrümüz üçün vacib məsələdir. Belə ki, onun fikrinə görə müasir dövrdə miflər öz əhəmiyətini itirsə də onların verə biləcəyi tərbiyəvi və ruhani hissləri sənətkarlar və yazarların yazdığı romanlar verə bilər. K.Armstronqun  “sənətkarlar” deməklə bütün incəsənət növlərini nəzərdə tutduğu aydındır və yenə qeyd etmək istərdim ki, əsl musiqi burada ilk sıralarda yer alır.