Mən qürbəti seçib gəlmədim, əksinə, qürbət özü məni seçib apardı...
11.05.2022

Son zamanlar çox təəssüflə görürəm ki, artıq azyaşlı uşaqların da leksikonuna "müharibə" sözü daxil olub. Ölkəmizin haqlı savaşı, şəhidlərimiz, Ukraynada baş verənlər... 

Müharibə və onun qurbanları hər zaman ən təsirli kitablara mövzu olub. Klassiklərdən L. Tolstoyun "Hərb və sülh", Ernest Heminqueyin "Əcəl zəngi", Erix Remarkın "Qərb cəbhəsində təbəddülat yoxdur", müasirlərdən Markus Zusakın "Kitab oğrusu", Con Boynun "Zolaqlı pijamalı oğlan", Tatyana de Rosneyin "Saranın açarı", Kristin Hannanın "Bülbül", Mark Levinin "Azadlıq uşaqları" və s. kitabları böyük oxucu kütləsi tərəfindən sevilmiş, bir çoxunun əsasında filmlər çəkilmişdir. Sizinlə bölüşmək istədiyim kitab da ll Dünya müharibəsinin adi bir qadının həyatını necə qeyri-adi, əfsanəvi etməsindən bəhs edir. 

Kitabın müəllifi, mövzusu, baş verən hadisələrin məkanı bizə bir köynək daha yaxındır. Söhbət Fransada yaşayan həmyerlimiz yazıçı-jurnalist Şain Sinarianın (Şahin Əliyev) fransız dilində yazdığı "İvon Bottonun arzuladığı həyat" kitabından gedir. Haqqında yazarkən heç cür obyektiv ola bilməyəcəyim, çox bəyəndiyim, oxuyarkən böyük zövq aldığım, "Nə yaxşı ki, oxudum" dediyim əsəri hər kəsin oxumasını istərdim. 

Gələk əsərin süjetinə. Atası italyan, anası fransız olan İvon Botto Fransanın Faye kəndində yaşayır. Onun atası kommunist, anası ruhani qadındır. İvon atasının sevimlisi, zirək, məktəbi birinciliklə bitirən şıltaq qızdır. 17 yaşına kimi ərkəsöyün böyüyən İvonun yeniyetməlik dövrü ll Dünya müharibəsinə düşür. 9 May Qələbə günü bütün dünyada müharibəyə son qoyularkən onun həyatında da qayğısız günlərə son qoyulur. Həmin gün o Şəmmədlə (partizan adı Jozef Şimidov) ailə qurmağa razılıq verir. Bəs Şəmməd kimdir? Şəmməd Şirməmmədov Azərbaycanın İmişli rayonunun Murquzallı kəndindən 4 həmkəndlisi ilə Ukraynaya 2 illik hərbi xidmətə yola düşən gəncdir. Hərbi xidməti başa vurub vətənə qayıtmaq istəyən 4 dostun bədbəxtliyindən Hitler Rusiyaya hücum edir. Və onlar vətənə qayıda bilmirlər. Həbsxana, sürgün, partizan həyatı, aclıq, soyuq, işgəncələr... Şəmmədin həyatının dönüş nöqtəsi İvonun atası Jan Botto ilə qarşılaşması olur. Jan Botto Şəmmədi ölümdən xilas edir. Və beləliklə Şəmmədlə İvonun tale yolları birləşir. İki gənc ailə qurur və 17 yaşında olan İvon 29 avqust 1945-ci ildə Fransanı tərk edir. O, öz vətəninə bir də 66 ildən sonra ayaq basa biləcək. 

"Doğum - çox təbii və bioloji bir prosesdir. Doğumla həyat başlayır, tale yox. Həyatın taleyə çevrilməsi üçün ona güclü bir təkan, bir zərbə, onu silkələyən bir zəlzələ, yerindən tərpədən bir tufan lazımdır". 

Bəli, İvonun 17 illik həyatı vətənini tərk edəndən sonra taleyə çevrilməyə başlayır, özü də necə qüvvətli zərbə, şiddətli təkan, ağır imtahanlarla... 

Müharibə dövründə belə gül-gülüstanlıq olan Fransadan İmişlinin yoxsul kəndinə gəlin gələn İvon tezliklə gözündə böyütdüyü SSRİ-nin necə "möcüzələr ölkəsi" olduğunun şahidi olur. "Kranlarından süd və bal axan ölkə"də elektrik, qaz, isti su, içməli su, hamam, avtomobil, oturmağa stol, hətta yemək yeməyə qaşıq, bir sözlə, heç bir mədəni həyat yoxdur. 

Tezliklə Fransanı tərk etdiklərinə peşman olan gənc ailə təslim olmur. Lakin ailə qurduqdan 5 il sonra Şəmmədi də qəfil itirən İvon Botto oğlu Rafaellə bu dünyada tək-tənha qalır. İvon vətəninə qayıda bilər, bir şərtlə ki, Rafael burada qalacaq, çünki o sovet vətəndaşıdır. Qucağında körpə uşaqla fəryad edən gənc ananın səsi sanki qulaqlarınıza gələcək. İvonun sonrakı taleyi, Murquzallıda Şəmmədsiz 61 illik həyat hekayəsi necə davam edəcək? Əziz oxucu, bunu yalnız kitabı əldə edərək, sonadək oxuyaraq, biləcəksiniz. 

İvon Bottonun bioqrafiyası 2 hissədən ibarətdir. 1-ci hissə müəllifin dilindən, 2-ci hissə İvonun dilindən təqdim olunur. 1-ci hissə qəhrəmanın vətənini tərk etməsi ilə bitir. Şain Sinaria İvon Bottonun həyatı ilə paralel həmin dövrkü tarixi şəraiti də göz önünə gətirir. Hitlerin siyasəti, vəhşiliyi, yəhudi soyqırımının necə başlaması, Ukraynanın Hitlerə necə xilaskar kimi baxması, Stalinin ideologiyası, 2 diktatorun milyonlarla qurbanları, SSRİ-nin iç üzü, müharibə dövründə Bakı neftinin əhəmiyyəti, azərbaycanlı partizanlar və s. haqqında geniş araşdırma materialları təqdim olunur. 

2-ci hissə isə İvonun İmişlidəki həyatını əhatə edir. Gələndən 1 il sonra İvon kəndin ən adi qadınlarından birinə çevrilir. O, uşaq belində su daşıyır, xadimə işləyir, əvvəlki gözəlliyi solmağa, gözlərinin parlaqlığı itməyə başlayır. "Hamı kənddə bu gözəl, savadlı qadına dərin hörmət bəsləyir və hamı onu da yaxşı bilir ki, onların model kimi baxdığı bu "bəxtəvər" qadın, əslində, dünyanın ən bədbəxt adamıdır". 

Daim ata-anasının, vətəninin həsrətini çəkən İvonu illərlə yaşamağa, var olmağa məcbur edən onun bitməyən ümididir. Lakin bir gün o da bitir. 

"...Kim deyir ki, insanın ümidi heç vaxt ölmür? Yalandır, inanmayın. Düzdür, ola bilsin ki, insanın ümidi öz əcəli ilə ölmür, lakin onu öldürmək olar. Necə ki, mənimkini öldürdülər... Qanına qəltan olmuş ümidimin "meyitini" də qucağıma alıb kəndimə qayıtdım. Onu Şəmmədin böyründə "basdırıb", 67 yaşımda tamamilə başqa bir həyata başladım". 

1-ci hissədə olduğu kimi, 2-ci hissədə də bir çox tarixi hadisələr təsvir edilmişdir: 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, Qarabağın işğal edilməsi və s. İvon minlərlə qaçqın düşmüş soydaşlarını gördükcə öz dərdlərini unudur. O, həyatı boyu 2 soyqırımın şahidi olmuşdur. Yəhudi soyqırımı və Xocalı soyqırımı. Hər iki soyqırımda da bütün ölkələr gözlərinin önündə baş verən bu vəhşiliyə göz yummuşdular. 

İvonun həyat hekayəsi bir jurnalistin təsadüfi müsahibəsi ilə üzə çıxmış və bir anda bütün Avropada səs-küyə səbəb olmuşdur. İvon 66 il sonra 2011-ci ildə vətəninə ayaq basa bilmişdir. Fransaya 9 günlük səfər təsirli hadisə kimi dünya mediasında da yer almışdır. 

Müəllif Şain Sinaria İvon Botto ilə 22 gün söhbət etmiş, ətraflı araşdırmalar apararaq, bu əsəri 7 aya tamamlamışdır. İvon Bottonun arzuladığı həyatla yaşadığı həyat arasında dağlar qədər fərq olsa da o, taleyindən şikayətçi deyildi. İvon müsahibə zamanı belə deyir: "Mən qürbəti seçib gəlmədim, əksinə, qürbət özü məni seçib apardı. Bununla belə özümə bir qurban kimi də baxmıram. Əgər qurbanamsa, onda məhəbbət qurbanıyam. Dünyada məhəbbət qurbanı olmaqdan gözəl nə ola bilər?" 

O özünü qurban hesab etmirdi, oxuyarkən nə qədər təsirlənsəm də, İvon mənim üçün qurbandan daha çox güclü, məğlubedilməz, əzmli, örnək əfsanəvi qadın qəhrəmanı təsiri bağışladı. 

7 övladı, 30 nəvəsi, bir o qədər də nəticəsi olan İvon Botto 2018- ci ildə 90 yaşında vəfat edir. Vəsiyyətinə əsasən onu 73 il yaşadığı ikinci vətəni Azərbaycanda, İmişlinin Murquzallı kəndində dəfn edirlər. 

Kitabın üz qabığında şəkli olan İvon nənə xatirimdə Şəmmədin yanında ağ gəlinlikdəki 17 yaşlı qız kimi qalacaq. Əsəri də, İvonu da heç vaxt unutmayacağam. 

Əziz oxucu, bu unudulmaz əsəri sənə də şiddətlə tövsiyə edirəm. Xoş oxumalar...

 

“Fraza” jurnalı,

Tükəzban Məmmədli