“Gənclərin roman müsabiqəsi”nin qalibləri açıqlanıb.
15.12.2022

TEAS Press Nəşriyyat  Evinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən“Gənclərin roman müsabiqəsi” ninyekun nəticələri açıqlanıb. 3 iyun tarixində elan olunan və 7 ay davam edən üçmərhələli seçim prosesinin yekun nəticələrinə əsasən 3 nəfər gənc romançı qalibin adları məlum olub.  

Dekabrın 15-də  “LİBRAFF”ın “Park Akademiya” filialında keçirilən qalibləri mükafatlandırma tədbirində görkəmli yazıçılar, ictimai xadimlər, KİV nümayəndələri və tanınmış blogerlər iştirak ediblər. Təşkilatçılar qeyd etmişlər ki,  müsabiqənin  keçirilməsinin məqsədi ədəbi rəqabət mühitinin inkişafına təkan vermək, yeni istedadların və imzaların üzə çıxmasına şərait yaratmaq, yeni əsərlərin yazılmasını təşviq etmək olmuşdur. Əsas hədəflərdən biri də ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman  janrı vasitəsi ilə oxuculara çatdırılmasından ibarətdir. 

 

Yekun tədbirində münsiflər heyəti tərəfindən qaliblərin adları açıqlanıb və  mükafatları təqdim olunub. 

I yer:  Əşrəf Əşrəfov- Gecənin ən qaranlıq anı

2000 (iki min) AZN pul mükafatı, romanın TEAS Press Nəşriyyat evi tərəfindən nəşr olunması və təqdimatı;

II yer:  Həmzəyev Seymur-  “Nikolas Bonnet – Şərqə aparan hekayə”

1500 (min beş yüz) AZN pul mükafatı; 

III yer: İsmayılov Pərvin-  “Xanədan”

1000 (min) AZN pul mükafatı. 

 

Müsabiqənin qalibi olmuş gənc yazarlarımızı təbrik edir və onların Azərbaycan ədəbi mühitinə roman janrı istiqamətində yeni töhfələr verəcəyinə inanırıq.

Qeyd edək ki, TEAS Press Nəşriyyat Evi mütəmadi olaraq,  hər il müxtəlif janrlar üzrə müsabiqələr  həyata keçirir. Elə bu tədbirin sonunda da "TEAS Press" Nəşriyyat evi və "LIBRAFF" kitab mağazaları şəbəkəsi 15 dekabr Azərbaycanın Xalq şairi Ramiz Rövşənin doğum günü münasibətilə  məktəblilər arasında qiraət müsabiqəsi keçiləcəyini və şairin şeirlərinin ən yaxşı qiraətçiləri üçün şirkətlər tərəfindən xüsusi "Ramiz Rövşən mükafatı"nın təsis olunduğunu elan etdilər.