“Araz” supermarketlər şəbəkəsinin baş ofisində sərgi və Çingiz Abdullayevlə görüş keçirilib
22.04.2026
23 Aprel - Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə Teas Press nəşriyyatı və onun uşaqlar üçün nəzərdə tutulmuş "3 alma" brendi “Bir kitab, min dünya” layihəsi çərçivəsində ARAZ supermarketlər şəbəkəsinin baş ofisində kitab sərgisi həyata keçirib. Sərgidə əməkdaşlara şəxsi inkişaf və biznes mövzulu nəşrlər, bestsellerlər, klassik və müasir Azərbaycan, eləcə də dünya ədəbiyyatı nümunələri təqdim edilib. Layihənin əsas məqsədi oxu mədəniyyətinin təşviqi, əməkdaşlar arasında mütaliə vərdişlərinin gücləndirilməsi, asudə vaxtın daha səmərəli təşkili və ədəbiyyata marağın artırılmasıdır. Sərgidən sonra Azərbaycanın sevilən detektiv kitablarının müəllifi, xalq yazıçısı Çingiz Abdullayev ilə görüş və imza günü xüsusi yer tutub. Baş ofisdə təşkil olunan görüşdə tanınmış yazıçı şirkətin rəhbər heyəti və əməkdaşlarla bir araya gələrək ədəbiyyat, yaradıcılıq prosesi və müasir oxu vərdişləri ilə bağlı fikir mübadiləsi aparıb. Görüş zamanı iştirakçıların sualları yazıçı tərəfindən ətraflı cavablandırılıb, sonda isə müəllifin kitablarının imzalanması mərasimi keçirilib.