Elmira Aslanovanın “Я-путь” kitabının təqdimatı və imza günü keçirilib
04.10.2026

Elmira Aslanovanın qələmə aldığı “Я-путь” kitabının təqdimatı və müəlliflə oxucuların görüşü baş tutub. Ədəbiyyatsevərlərin və kitabsevərlərin iştirakı ilə keçirilən tədbirdə müəllif yeni əsəri haqqında ətraflı məlumat verib, kitabın yaranma tarixçəsindən, yazılma prosesindən və onu qələmə almağa sövq edən amillərdən danışıb. Görüş zamanı Elmira Aslanova kitabın ərsəyə gəlməsində mühüm rol oynayan düşüncə və müşahidələrini iştirakçılarla bölüşüb. Müəllif çıxışında “Я-путь” kitabının oxucular üçün motivasiya və ilham mənbəyinə çevriləcəyinə, onların özlərini daha yaxından tanımasına, həyat yolları üzərində düşünməsinə və şəxsi inkişaf istiqamətində yeni baxış bucaqları qazanmasına töhfə verəcəyinə inandığını bildirib. Səmimi və maraqlı müzakirələrlə davam edən təqdimatda iştirakçılar müəllifə kitabın ideyası, yazılma prosesi və yaradıcılıq fəaliyyəti ilə bağlı suallar ünvanlayıblar. Elmira Aslanova oxucuları maraqlandıran sualları cavablandıraraq onlarla fikir mübadiləsi aparıb. Tədbirin sonunda müəllif kitablarını oxucular üçün imzalayıb, iştirakçılarla xatirə şəkilləri çəkdirib.