İnqilab Şahbazovun “Tədqiqat metodları” kitabının yenilənmiş nəşri oxucularına təqdim edildi
26.12.2025

TEAS Press Nəşriyyat Evi AR Ədliyyə Nazirliyinin baş məsləhətçisi, ADA Universitetinin müəllimi, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi və Kembric Universitetlərinin məzunu sosial tədqiqatçı İnqilab Şahbazovun “Tədqiqat metodları” kitabını yeni nəşrdə oxucularına təqdim edib. Kitab 26 dekabr 2025-ci il tarixində Libraff mağazalar şəbəkəsinin “Park akademiya”filialında keçirilən təqdimat mərasimində öz oxucularına qovuşub. Tədbirdə çıxış edən müəllif bildirib ki, tələbələr, tədqiqatçılar və maraqlanan hər kəs araşdırma zamanı müraciət edəcəyi mənbəni bu kitabda tapa biləcək.

“Əsas məsələ ondadır ki, bu kitab tədqiqat işlərini mümkün qədər sadələşdirəcək. Kitab akademik material kimi dəyərləndirilə bilər. Amma qeyd etməliyəm ki, kitab elə formada hazırlanıb ki, hər kəs başa düşə bilsin. Yəni yalnız doktorantlar və ya dar ixtisas sahibləri üçün nəzərdə tutulmayıb”

Kitabın rəyçisi, sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, bu kitab gələcəyə hesablanan gözləntiləri də əks etdirir:

“Bu sahə ilə bağlı bu gün də cəmiyyətdə baxışlar bir qədər ziddiyyətlidir. Sosiologiya sadəcə kənardan baxılan bir sahə deyil. İnsanlarımız bunu yavaş-yavaş dərk etməyə başlayır. Çünki artıq sosial mövzulara həsr olunmuş kitablarımız var və bu sahə tətbiqi baxımdan geniş oxucu kütləsinə malikdir”.

Sonda müəllif oxucular üçün kitabını imzalayıb və xatirə şəkilləri çəkdirib