"İrsini yarat" kitabının təqdimat mərasimi keçirilib
09.02.2026
LIBRAFF mağazalar şəbəkəsinin "Park akademiya" filialında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Planlaşdırma və Marketinq şöbəsinin marketinq üzrə mütəxəssisi, gömrük xidməti kapitanı Gülü Məmmədovanın “İrsini yarat” adlı kitabının təqdimatı keçirilib
Gülü Məmmədovanın ingilis dilində Kembricdə elektron formatda nəşr olunmuş, Azərbaycan dilinə tərcümə edilmiş “İrsini yarat” adlı kitabı TEAS Press Nəşriyyatı tərəfindən çap edilib. Təqdimat mərasimində Milli Məclisin deputatı Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkimi Bəxtiyar Musayev, Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları, gömrükçülər və tanınmış ziyalılar iştirak ediblər.
Tədbirin açılışında müəllif Gülü Məmmədova qonaqları salamlayaraq kitabın əsas ideyası barədə məlumat verib. O, məqsədin yalnız hədəfə çatmaqdan ibarət olmadığını, eyni zamanda əldə edilən uğurun davamlı şəkildə qorunmasının və yadda qalan bir irsin formalaşdırılmasının vacibliyini vurğulayıb. Müəllif tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib. Daha sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək kitab haqqında ətraflı məlumat verib, onun məzmunu və üstün cəhətləri barədə fikirlərini bölüşüb. Ardınca Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev çıxış edərək İdarə rəisi, general-mayor Ceyhun Məmmədovun salamlarını iştirakçılara çatdırıb. O, müəllifin şəxsi keyfiyyətlərindən, peşəkar potensialından və gələcək yaradıcılıq perspektivlərindən bəhs edərək, Gülü Məmmədovaya fəaliyyətində uğurlar arzulayıb.
Təqdimat mərasimində digər qonaqlar da çıxış edərək müəllifə xoş arzularını bildiriblər.
Tədbir kitabın imzalanma mərasimi ilə yekunlaşıb.