“Kitabın görünməyən qəhrəmanları” adlı maarifləndirici və interaktiv tədbir təşkil olunub
23.04.2026

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Libraff kitab mağazaları şəbəkəsi  tərəfindən “Kitabın görünməyən qəhrəmanları” adlı maarifləndirici və interaktiv tədbir təşkil  olunub. Tədbirin əsas məqsədi kitabın yalnız oxucuya təqdim olunan son məhsul deyil, arxasında  böyük bir komandanın dayandığı çoxşaxəli bir proses olduğunu göstərmək olub. Tədbir  çərçivəsində nəşriyyat işi, çap prosesi, kitab marketinqi və müəllif hüquqları kimi mövzular  geniş müzakirə edilib.  Tədbirdə TEAS Press nəşriyyatının nümayəndələri, marketinq üzrə mütəxəssislər və müəllif  hüquqları sahəsində çalışan ekspertlər iştirak ediblər. Spikerlər sırasında Əqli Mülkiyyət  Hüquqlarının Təminatı Mərkəzinin direktorunun müşaviri Əliyev Əsəd, TEAS Press-in “3 alma”  uşaq ədəbiyyatı brendinin rəhbəri Arzu Cəfərova, çapa məsul şəxs Rəşad İsmixanlı və Libraff və  TEAS Press-in marketinq departamentinin rəhbəri Həmidə Süleymanova yer alıb.  İlk çıxış edən natiq -  Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin təmsilçisi Əliyev Əsəd  qeyd edib ki, müəllif hüquqlarının qorunması yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda  cəmiyyətin maarifləndirilməsi ilə də sıx bağlıdır. Eyni zamanda, o vurğulayıb ki, müəllif  hüquqları pozulan şəxslər qanunvericiliyə uyğun olaraq müraciət edib öz hüquqlarını müdafiə  edə bilərlər və bu sahədə artıq müəyyən uğurlu praktik nümunələr mövcuddur.  TEAS Press-in “3 alma” nəşrlərinin meneceri Arzu Cəfərova kitabın ideyadan nəşrə qədər olan  yolunda düzgün seçimlərin və balanslı yanaşmanın (mədəni dəyər və kommersiya) həlledici rol  oynadığını vurğuladı.   Çapa məsul şəxs olaraq TEAS Press nəşriyyatını təmsil edən Rəşad İsmixanlı kitabın  keyfiyyətinin onun texniki hazırlanmasından - kağız, çap və cildləmə proseslərindən birbaşa asılı  olduğunu qeyd etdi.   Həm Libraff, həm TEAS Press-i təmsil edən marketing departamentinin rəhbəri Həmidə  Süleymanova kitabın oxucuya çatmasında düzgün marketinq strategiyası və oxucu davranışının  anlaşılmasının əsas rol oynadığını bildirdi.   Tədbirin interaktiv hissəsində iştirakçılar spikerlərə suallar ünvanlayıb, ən maraqlı sual sahibləri  isə xüsusi hədiyyələrlə mükafatlandırılıb. Bu yanaşma tədbirin dinamikliyini artırmaqla yanaşı,  auditoriyanın fəal iştirakını da təmin edib.  Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və kitab sənayesinə fərqli baxış bucağı təqdim  edib.  Libraff və TEAS Press bundan sonra da kitabın və oxu mədəniyyətinin təşviqi istiqamətində    müxtəlif layihələrlə çıxış etməyi planlaşdırır.