Noyabrda “TEAS Press” tərəfindən 20-dək uşaq kitabı təqdim ediləcək
12.11.2014

“TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsi noyabrın 13-də “Abşeron Bakı Marriott Otel”ində uşaqlar üçün kitablarını ilk dəfə təqdim edəcək.

Otelin “Şərq” zalında keçiriləcək VİP tədbirə 200 qonaq dəvət edilib. Bütün əsas kütləvi informasiya vasitələri bu tədbiri işıqlandıracaq.

Təqdim olunacaq uşaq kitabları “TEAS Press”in peşəkar yaradıcı heyəti tərəfindən tərcümə və dizayn edilib. Bu kitabların nəşri zamanı bir çox janrlar və yaş qrupları üzrə mütaliə-qavrama səviyyələri nəzərə alınıb. Kitabların hamısı Türkiyədə, beynəlxalq standartlara uyğun olaraq çap edilib. Kitabların əksəriyyəti keyfiyyətli və sərt cildlə üzlənib. Onların arasında valideyn, müəllim və kitabxanaçıların uşaqlara ucadan oxuması üçün gözəl, rəsmli kitablar da var. Bu kitablar mütaliəyə hələ təzəcə başlamış uşaqlar üçün nəzərdə tutulub. Klassik romanlar yumşaq cildlə üzlənib. Onlar daha böyük yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub. Məşhur yazıçı və illüstrator Mo Uilyemsin beş şəkilli kitabı Azərbaycan dilinə tərcümə edilib. Dünyanın ən məşhur uşaq ədəbiyyatı müəllifi və illüstratoru Mo Uilyems yazdığı əsərlərə və çəkdiyi illüstrasiyalara görə ən nüfuzlu mükafatları qazanıb.

Mo Uilyems uşaq ədəbiyyatı ilə məşğul olmazdan qabaq televiziya yazarı və animator olub. 9 il “Sesame küçəsi”ndə işləyib, 6 Emi mükafatı qazanıb. Həmçinin “Nickelodeon” və “Cartoon Netvork” uşaq telekanalları üçün cizgi filmləri çəkib.

“TEAS Press” Mo Uilyemsi VİP-kitab təqdimatında xüsusi qonaq kimi görməkdən çox məmnundur. Mo Uilyemsin Azərbaycanda görəcəyi digər işlər barədə də əlavə məlumat veriləcək.

Tədbirdə məşhur ingilis yazıçısı və illüstratoru Devid MakKinin 4 kitabı təqdim ediləcək. Kitablar hamısı yazıçının məşhur “Elmer” seriyasındandır. Elmer müasir uşaq hekayələri dünyasında ən çox tanınan və sevilən personajdır. Bu il Elmerin 25 illiyidir. Azərbaycandakı tədbir bu yubileyin bir hissəsi olacaq!

Təqdim olunacaq üç şəkilli kitab isə bir çox mükafatların sahibi, hollandiyalı yazıçı və illüstrator Hido van Heynektnə aiddir. İki kitab onun məşhur “Riki”, digəri isə “Maks” seriyasındandır. Bu yazıçı barədə hələ eşidəcəksiniz!

TEAS Press Nəşriyyat evi müəllifin Klavis nəşriyyatı ilə birgə xüsusilə dizayn etdiyi Riki oyuncaqlarını təqdim etməkdən məmnunluq duyur

“Mənim ilk klassik hekayəm” silsiləsindən uşaqlar üçün asan oxunaqlı kitablar da təqdim edilir. Bu kitablar oxumağa hələ yenicə başlayan uşaqlar üçün nəzərdə tutulub. “Capstone” nəşriyyatından alınmış digər silsilə “Sevimli Sevinc” adlanır. Bu silsilə xüsusilə qız uşaqları üçün nəzərdə tutulub. Kitab Sevincdən və onun ən yaxın rəfiqəsi Mələkdən bəhs edir.

Nəşriyyat daha böyük yaş qrupuna aid olan yeniyetmə və orta səviyyəli oxucular üçün amerikalı yazıçı Ceff Qunhus tərəfindən yazılmış “Əcinnə ovçuları” seriyasını təqdim edir. Kirkus bu kitab haqqında “əcinnələrlə, həyəcanla və təəccüblü gedişlərlə dolu, hərəkətli kitab” rəyini verib. Macəra filmlərini sevənlərin bu kitabı seçəcəyinə əminik.

 

Böyük yaşlı uşaqlar üçün digər kitablara “Mənim ilk klassik əsərim” silsiləsi aiddir. Bura “Qrin Qeyblz malikanəsinin qızı Anni”, “Qara köhlən” və “Sirli bağ” əsərləri daxildir. Hər üç kitab klassik əsərdir və onlarla dilə tərcümə edilərək milyonlarla nüsxə satılıb.

Nəşriyyat gələcəkdə də bu və digər müəlliflərin daha çox kitablarını dərc etməyi planlaşdırır. Növbəti kitablar üçün kataloqa baxa bilərsiniz! Nəşriyyat bu yaxınlarda təhsilə aid kitablarla bağlı informasiya xarakterli ikinci tədbirini keçirəcək.