Sumqayıt Dövlət Universitetində yazıçı Dilşad Talıbova ilə görüş keçirildi
19.05.2026
Sumqayıt Dövlət Universitetinin Kitabxana İnformasiya Mərkəzində yazıçı Dilşad Talıbova ilə görüş təşkil olunub. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Leyla Allahverdiyeva belə görüşlərin tələbələrin mütaliə vərdişlərinin formalaşmasında, onların estetik dünyagörüşünün zənginləşməsində və müasir Azərbaycan ədəbiyyatına marağının artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, yazıçı Dilşad Talıbovanın yaradıcılıq fəaliyyətindən bəhs edərək əsərlərində insan duyğularının, həyat hadisələrinin və mənəvi dəyərlərin yüksək bədii dillə əks olunduğunu bildirib. Ədəbiyyatın cəmiyyətin mənəvi inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayan direktor gəncləri mütaliəyə daha çox vaxt ayırmağa, bədii ədəbiyyat vasitəsilə dünyagörüşlərini inkişaf etdirməyə çağırıb. Yazıçı Dilşad Talıbova səmimi görüşə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və yaradıcılıq fəaliyyətinə qısa nəzər salıb. Görüş zamanı tələbələr yazıçının əsərləri, obrazları və yaradıcılıq prosesi ilə bağlı suallar ünvanlayıb, oxuduqları kitablar haqqında fikirlərini bölüşüblər. Səmimi müzakirələr şəraitində keçən tədbirdə müəllif gənclərlə ədəbi düşüncələrini paylaşaraq onların suallarını cavablandırıb. Sonda Dilşad Talıbova gələcək yaradıcılıq planlarından danışıb, tələbələr üçün kitablarını imzalayıb və xatirə şəkilləri çəkdirilib.