XII Bakı Beynəlxalq Kitab Sərgisinin beşinci günü
25.10.2026

21–27 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisinin beşinci günü maraqlı tədbirlər və müəllif görüşləri ilə yadda qalıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgi bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında kitabsevərləri, nəşriyyat nümayəndələrini, yazıçıları və ədəbiyyatsevərləri bir araya gətirib.

Sərginin beşinci günü olan 25 oktyabr tarixində ziyarətçilərə müxtəlif janr və mövzularda zəngin kitab çeşidi, yeni nəşrlər, uşaqlar və böyüklər üçün maraqlı ədəbiyyat nümunələri, eləcə də xüsusi endirimli təkliflər təqdim olunub. Sərgi iştirakçılarının stendləri kitabsevərlərin marağına səbəb olub.

Günün tədbirlər proqramı çərçivəsində tanınmış yazıçılar Zahid Xəlil, Vasif Zahidov, Raqif Raufoğlu, Elmira Aslanova və Elxan Elatlı oxucularla bir araya gəliblər.

Müəlliflərlə keçirilən görüşlər və imza saatları ziyarətçilərə sevdikləri yazıçılarla yaxından ünsiyyət qurmaq, onların yaradıcılığı ilə tanış olmaq və kitablarını imzalatmaq imkanı yaradıb.