XII Bakı Beynəlxalq Kitab Sərgisinin birinci günü
21.10.2026
21 oktyabr tarixində Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinə start verilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında kitabsevərləri bir araya gətirib.
Sərgidə TEAS PRESS Nəşriyyat Evi və “3 alma” öz stendləri ilə təmsil olunub.
Sərgi çərçivəsində oxucular yeni nəşrlərlə tanış olub, müxtəlif janrlarda kitablar əldə ediblər.
Eləcə də sərginin ilk günü maraqlı görüşlər, imza saatları və kitab təqdimatları ilə yadda qalıb. Ziyarətçilər müxtəlif janrlarda nəşrlərlə tanış olmaq, sevdikləri müəlliflərlə ünsiyyət qurmaq və kitablarını imzalatmaq imkanı əldə ediblər.
İlk günün tədbirlər proqramı çərçivəsində yazıçı Arzu Cəfərova ilə görüş və imza saatı keçirilib. Ardınca Xalq yazıçısı Çingiz Abdullayev oxucularla bir araya gəlib, kitablarını imzalayıb və onlarla ünsiyyət qurub.
Günün növbəti tədbirində Aysel Zahidqızı ilə görüş və imza saatı baş tutub. Oxucular müəlliflə yaxından tanış olmaq, onun yaradıcılığı ətrafında fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Görüş zamanı səsləndirilən milli musiqi nümunələri tədbirə xüsusi ab-hava qataraq iştirakçılara ədəbiyyat və musiqinin vəhdətini yaşadıb.
Sərginin ilk günündə “Füzuli qəzəllərindən seçmələr” kitabının təqdimatı keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, akademik Teymur Kərimli və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Fəridə Əzizova və digər nümayəndələr çıxış edərək Məhəmməd Füzulinin zəngin ədəbi irsindən və nəşrin elmi-ədəbi əhəmiyyətindən bəhs ediblər.