XII Bakı Beynəlxalq Kitab Sərgisinin dördüncü günü
24.10.2026

XII Bakı Beynəlxalq Kitab Sərgisinin dördüncü günü maraqlı görüşlər və imza saatları ilə yadda qalıb

21–27 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgi bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında kitabsevərləri, nəşriyyat nümayəndələrini, yazıçıları və ədəbiyyatsevərləri bir araya gətirib.

Sərgi çərçivəsində ziyarətçilərə müxtəlif janr və mövzularda zəngin kitab çeşidi, yeni nəşrlər, uşaqlar və böyüklər üçün maraqlı ədəbiyyat nümunələri, eləcə də xüsusi endirimli təkliflər təqdim olunub. İştirakçıların stendləri sərgi boyunca kitabsevərlərin marağına səbəb olub.

Yeddi gün davam edən sərgi yalnız kitabların nümayişi və satışı ilə deyil, həm də zəngin tədbirlər proqramı ilə yadda qalıb. Proqram çərçivəsində tanınmış yazıçı və müəlliflərlə görüşlər, imza saatları, kitab təqdimatları və uşaqlar üçün müxtəlif maarifləndirici və əyləncəli tədbirlər təşkil edilib.

24 oktyabr tarixində keçirilən görüşlər sərginin diqqətçəkən məqamlarından olub. Həmin gün Natiq Məmmədli, Reyhan Yusifqızı, İnqilab Şahbazov, Xülya Sabirli və Əşrəf Ərən oxucularla bir araya gələrək onlarla ünsiyyət qurublar.

Günün xüsusi maraq doğuran tədbirlərindən biri isə “Mən, Lalə, bir də Şerlok Holms” kitabının müəllifləri və eyniadlı serialın yaradıcı heyətinin iştirakı ilə keçirilən görüş və imza saatı olub. Tədbir çərçivəsində oxucular sevdikləri əsərin müəllifləri və ekran layihəsinin iştirakçıları ilə yaxından tanış olmaq, onları maraqlandıran sualları ünvanlamaq və imzalı kitablar əldə etmək imkanı qazanıblar.