XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü
22.10.2026
Kitabsevərlər XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günündə bir araya gəldilər
21–27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi kitabsevərləri, yazıçıları, naşirləri və ədəbiyyat dünyasının nümayəndələrini bir araya gətirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgi bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında təşkil olunub.
Sərgidə TEAS PRESS Nəşriyyat Evi və “3 alma” uşaq ədəbiyyatı brendi də iştirak edərək zəngin kitab çeşidlərini ziyarətçilərə təqdim ediblər.
Sərgi çərçivəsində müxtəlif janrlarda kitablar, yeni nəşrlər və xüsusi endirimlər oxucuların diqqətinə çatdırılıb. Bununla yanaşı, tanınmış müəlliflərlə görüşlər, imza saatları və kitab təqdimatları təşkil olunaraq kitabsevərlərlə müəlliflər arasında canlı ünsiyyət üçün imkan yaradılıb.Tədbirlər proqramı çərçivəsində Mürşüd İsmayılzadə, Fidan Tağısoy və Elçin Hami oxucularla görüşərək kitablarını imzalayıb, yaradıcılıqları haqqında fikirlərini bölüşüblər. Görüşlər zamanı kitabsevərlər müəlliflərə suallarını ünvanlamaq və onlarla yaxından ünsiyyət qurmaq imkanı əldə ediblər.
Sərginin maraqlı məqamlarından biri də Zəhra Bədəlbəylinin iştirakı ilə keçirilən görüş və kitab təqdimatı olub. Təqdimat zamanı müəllif oxucularla bir araya gələrək kitab haqqında məlumat verib və iştirakçıların suallarını cavablandırıb.
Sərgidə “3 alma” uşaq ədəbiyyatı brendinin nəşrlərinə də xüsusi yer ayrılıb. Balaca oxucular və valideynlər müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş kitablarla tanış olmaq, uşaqların mütaliəyə marağını artıran nəşrləri yaxından kəşf etmək imkanı qazanıblar.