XII Bakı Beynəlxalq Kitab Sərgisinin son günü
26.10.2026
21–27 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisinin altıncı günü müəllif görüşləri, imza saatları və balaca kitabsevərlər üçün təşkil olunan maraqlı tədbirlərlə yadda qalıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgi bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında kitabsevərləri, nəşriyyat nümayəndələrini, yazıçıları və ədəbiyyatsevərləri bir araya gətirib.
26 oktyabr tarixində sərginin tədbirlər proqramı çərçivəsində Əziz Sultan, Teymur Məmmədov və Arzu Cəfərova ilə görüşlər və imza saatları təşkil olunub.
Ziyarətçilər müəlliflərlə yaxından ünsiyyət qurmaq, onların yaradıcılığı ilə tanış olmaq və kitablarını imzalatmaq imkanı əldə ediblər.
Günün maraqlı tədbirlərindən biri isə balaca kitabsevərlər üçün keçirilən nağıl saatı olub. “Cumbulu bağçaya gedir” kitabı əsasında təşkil olunan tədbir uşaqları nağılların rəngarəng dünyasına apararaq onlarda mütaliəyə marağın artırılmasına xidmət edib.
XII Bakı Beynəlxalq Kitab Sərgisinin altıncı günü müxtəlif yaş qruplarından olan oxucuları bir araya gətirən görüşlər, imza saatları və maarifləndirici tədbirlərlə yadda qalıb.