XII Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü
23.10.2026

XII Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü maraqlı görüşlərlə yadda qalıb

23 oktyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü çərçivəsində tanınmış yazıçı və müəlliflərlə görüşlər, imza saatları və müxtəlif ədəbi tədbirlər təşkil olunub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında baş tutub. Ölkənin mühüm ədəbi-mədəni tədbirlərindən biri olan sərgidə “LIBRAFF”, TEAS PRESS Nəşriyyat Evi və “3 alma” da iştirak edib.

Sərginin üçüncü günü tanınmış yazıçı və müəlliflərin iştirakı ilə keçirilən görüşlər və imza saatları ilə əlamətdar olub. Tədbirlər proqramı çərçivəsində Xalq yazıçısı Anar təqdimat zonasında oxucularla bir araya gələrək imza saatında iştirak edib. Bununla yanaşı, yazıçı Aysel Ağayeva kitabsevərlərlə görüşüb.

Günün davamında Elçin Əliyevin iştirakı ilə təqdimat zonasında növbəti müəllif görüşü təşkil olunub. Proqram çərçivəsində Arzu Cəfərova da oxucularla bir araya gələrək imza saatı keçirib. Görüşlər zamanı ziyarətçilər müəlliflərlə birbaşa ünsiyyət qurmaq, onların yaradıcılığına dair fikir mübadiləsi aparmaq və kitablarını imzalatmaq imkanı əldə ediblər.