İbrahim Nəbioğlu

İbrahim Nəbioğlu
İBRAHİM NƏBİOĞLU Bakıda doğulub, Neft və Kimya İnstitutunu tətbiqi riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Akademik Azad Mirzəcanzadənin aspirantı olub. Elmlər namizədi, 30-dan çox elmi məqalənin müəllifidir. 1993-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasının Türkiyədə ilk təmsilçisi olub. Kipr türklərinin mübarizəsi və onun lideri Rauf Denktaş haqda “Türk adası Kipr”, görkəmli alim, Hacettepe və Bilkent universitetlərinin qurucusu İhsan Doğramacı haqda “Abidə insan” (“Qızıl Humay” mükafatına layiq görülüb), Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl haqda “İslamköydən Çankayaya” filmlərinin müəllifidir. “BBC World Service”lə əməkdaşlıq edib, “Avrasiya”, “Panorama”, “Ayna-Zerkalo” qəzetlərinin köşə yazarı olub. 2002-ci ildə Türkiyədə “İlin jurnalisti” seçilib. 2003-cü ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın İstanbuldakı Baş konsulu, 2004-cü ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə həm də QDİƏT-də Azərbaycanın daimi nümayəndəsi təyin edilib. Fövqəladə və səlahiyyətli elçidir. Hazırda TRT, “CNN Türk”, “Habertürk”, “Haber Global”, NTV, “Bloomberg”, “Tvnet” kimi TV kanallarında icmalçı kimi çıxış edir. Elmin populyarizasiyasına çalışır, təhsilin Ana dilində olmasını təbliğ edir. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Həsən bəy Zərdabi mükafatı laureatıdır.