Riçard Osman
Riçard Osman
RİÇARD OSMAN 1970-ci il noyabrın 28-də İngiltərənin Esseks bölgəsində doğulub. Kembric Universitetinin Triniti kollecini bitirib. Gənc yaşlarından televiziya işi ilə maraqlanan Osman Britaniyanın ən məşhur telekanalları və yaradıcılıq studiyaları ilə əməkdaşlıq edib, müxtəlif verilişlərin, şou proqramlarının, televiktorinaların ideya müəllifi, aparıcısı və prodüseri olub. O, qələmini bədii yaradıcılıqda da sınayıb. “Cümə Axşamı Qətl Araşdırmaları Klubu” kitabı onun ilk böyük əsəridir. Əsərin böyük uğuru (ilk dörd ayda təkcə Birləşmiş Krallıqda kitabın 700 000 nüsxəsi satılıb) Osmanı ruhlandırıb, o, daha dörd roman yazaraq bunu seriyaya çevirib. Həmin kitablar da başda “New York Times” olmaqla bir çox nüfuzlu nəşrlərin bestsellerlər siyahısında birinci yeri tutub. Məşhur rejissor Stiven Spilberq seriyanın ilk kitabını ekranlaşdırmaq hüququnu Osmandan alıb. Riçard Osman hazırda Londonda yaşayır, televiziya sahəsində işləyir və bədii yaradıcılığını davam etdirir.